ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi prezident Donald Trampın elan etdiyi 4 milyard dollarlıq yardımın dayandırılması qərarının dərhal həyata keçirilməyəcəyini bildirib.
Sherg.az xəbər verir ki, Hakabi İsrailin i24NEWS telekanalına müsahibəsində yardım proqramının tamamilə dayandırılması üçün Konqresin qərarının tələb olunduğunu və bunun ilin sonunadək baş verməsinin az ehtimal edildiyini deyib.
“Bildiyim qədərilə, yardımın qəfil və dərhal dayandırılması nəzərdə tutulmur”, – deyə səfir bildirib.
Hakabinin sözlərinə görə, yardımların mərhələli şəkildə dayandırılması ideyası İsrailin baş naziri Benyamin Netanyahuya məxsusdur və o, bu təklifi təxminən il yarım əvvəl irəli sürüb.
Qeyd edək ki, Donald Tramp noyabrın 3-də ABŞ-nin İsrailə ayırdığı 4 milyard dollarlıq yardımın dayandırılacağını açıqlamışdı. O, ilin sonunadək bu məsələ ilə bağlı razılıq əldə olunduğunu bildirərək, “Artıq İsrailə pul verməyəcəyik” demişdi.