ABŞ-nin maliyyə naziri İranın ölüm təhdidlərindən qorxmadığını bildirib

ABŞ-nin maliyyə naziri Skott Bessent İrandan qaynaqlanan ölüm təhdidlərinə baxmayaraq, geri çəkilməyəcəyini bəyan edib.

“Reuters“ agentliyinin məlumatına görə, Bessent İranın hazırkı davranışını “küncə sıxışdırılmış təhlükəli heyvanın hərəkətləri”nə bənzədib. O, ABŞ xüsusi xidmət orqanlarının tövsiyələrinə əməl etdiyini və təhlükəsizlik səbəbindən evindən hərbi bazaya köçdüyünü bildirib.

Nazir qeyd edib ki, bu qərarın səbəblərindən biri 2025-ci ilin yanvarında “The Wall Street Journal” qəzetində onun Corctaun şəhərciyində yerləşən evinin havadan çəkilmiş fotosunun dərc olunması olub. Bessent nəşrin bu addımını “son dərəcə məsuliyyətsiz və təhlükəli” adlandıraraq, belə halların qarşısının alınmalı olduğunu vurğulayıb.

Reuters-in yazdığına görə, Tramp administrasiyasının yüksək vəzifəli kəşfiyyat rəsmisi ötən ayın sonunda yaydığı xidməti hesabatda İranın ABŞ rəsmilərinə və Amerika vətəndaşlarına qarşı planlaşdırdığı hücumların hazırlıq baxımından irəliləmiş mərhələyə çatdığını bildirib.

Qeyd edək ki, Skott Bessent 2026-cı ilin avqustundan etibarən İran üzərində iqtisadi təzyiq və sanksiya kampaniyasına rəhbərlik edir. “Economic Outcast” adlandırılan əməliyyatın məqsədi Tehranın gəmilərə hücumları dayandırmasına və Hörmüz boğazını yenidən açmasına nail olmaqdır.