ABŞ-nin sülh sənədi ilə sadəcə Ukrayna tərəfi razılaşıb - Analitik

Rusiyanın Donbas tələbləri sülh planını çətinləşdirir

Rusiya ABŞ və Ukrayna tərəfindən hazırlanmış 20 maddədən ibarət sülh planını Ukrayna münaqişəsi üzrə gələcək danışıqlar üçün başlanğıc nöqtəsi kimi nəzərdən keçirir. Bu barədə "Bloomberg" agentliyi mövzu ilə tanış mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Moskva sözügedən planı müzakirələr üçün əsas baza kimi qiymətləndirsə də, sənəddə Rusiya üçün mühüm hesab olunan bir sıra müddəaların yer almadığını və bir çox suallara aydın cavab verilmədiyini düşünür. Mənbənin sözlərinə görə, Rusiya üçün əsas narahatlıq doğuran məsələlər NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı təminatlar və Ukraynanın Avropa İttifaqına üzv olması halında neytral statusunun necə müəyyən ediləcəyidir. "Bloomberg" qeyd edir ki, sülh planında Ukrayna Silahlı Qüvvələrinin sayına və malik ola biləcəyi silah növlərinə dair hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Eyni zamanda, sənəddə Kiyevin Ukraynada rus dilinin statusu ilə bağlı öhdəlikləri də əksini tapmayıb. Bundan əlavə, Rusiya sanksiyaların ləğvi və Qərb ölkələrində dondurulmuş yüz milyardlarla dollar dəyərində Rusiya dövlət aktivlərinin geri qaytarılması məsələsində də aydın mövqe görmək istəyir.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, ABŞ tərəfindən gündəmə gətirilən 28 bəndlik planın 20 bəndi Avropa İttifaqı və Ukrayna arasında razılaşdırılıb. Ekspert vurğulayıb ki, əslində, əvvəlki 28 bəndlik sülh planı Rusiyanın təkidi ilə hazırlanmışdı: "Ukrayna prezidentinin ağır şərtlərə baxmayaraq, 20 bəndlik sülh planını qəbul etməsi müharibəni ilkin mərhələdə dayandırmağa hesablanmış addımlardır. ABŞ bu planın tez zamanda qəbul edilməsinə çalışır. Amma Rusiyanın 20 bəndlik sənədi qəbul-etməyəcəyi sual altındadır. Yaxın günlərdə Moskvanın mövqeyini görəcəyik. Ehtimal ki, Rusiya sənədi olduğu kimi qəbul etməyəcək. Sənəddə Ukraynanın gələcəkdə NATO üzvü olub-olmaması aydın göstərilməyib. Rusiyanın əsas tələbi NATO-ya üzvlüklə bağlıdır. 20 bəndlik sənəddə Ukrayna üçün "açıq pəncərə" saxlanılıb". 

Analitik əlavə edib ki, ötən həftə 4 saat yarımlıq mətbuat konfransı keçirən Putin bəyan etdi ki, müharibəni Rusiya başlatmayıb: "Bütün dünya şokdadır. Çünki Rusiya Ukraynaya qarşı hərbi təcavüz həyata keçirərək torpaqlarını işğal edib. Putin isə deyir ki, müharibəni onlar başlatmayıb. ABŞ Prezidenti D.Tramp da yaxşı bilir ki, savaşı məhz Rusiya tərəfi başladıb. Müharibə 4-cü ilə yaxınlaşır. ABŞ-nin hazırda 20 bəndə düşən sülh sənədi ilə hazırda sadəcə Ukrayna tərəfi razılaşıb. Halbuki, orada Kiyev üçün kifayət qədər ağır şərtlər mövcuddur. Bundan əvvəl Zelenski birmənalı bəyan etmişdi ki, heç bir halda Donbas ərazisini tərk etməyəcəklər. Ukrayna müəyyən yumşalmalara gedir. Zamanın reallıqlarına uyğun qərarlar verir. İndi ABŞ-nin iştirakı ilə Donbasda "azad iqtisadi zona" yaradılması haqqında danışılır. Rusiya isə bununla razılaşmır və Donbasın tamamilə öz nəzarətində olmasını istəyir".