ABŞ rəhbərliyi Türkiyə ilə ehtiyatlı davranır -POLİTOLOQ

Əgər Vaşinqton Ankaraya qarşı sərt siyasət həyata keçirərsə, Türkiyəni itirə bilər
ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyat rəsmilərinə qoşunların iki ay ərzində Suriyadan mərhələli şəkildə çıxarılmasına başlanacağı barədə məlumat verib. Bu barədə “Ynet” məlumat yayıb. Bildirilib ki, İsrailin Amerika qoşunlarını Suriyada saxlamaq üçün Vaşinqtona təzyiq göstərmək cəhdləri uğurlu olmayıb. Qeyd edək ki, ABŞ-nin Suriyada 2 min əsgəri olduğu bildirilir. Tramp Türkiyənin böyük gücünün qarşısında 2 min əsgəri təhlükəyə atmayacağını və onları ərazidən çıxaracağını 2024-cü ilin dekabrında elan etmişdi.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, ABŞ Yaxın Şərqdəki proseslərin Türkiyənin partnyorluğu olmadan həyata keçirilməsinin qeyri-mümkün olduğunu anlayır. Ekspert bildirib ki, Türkiyə ABŞ-nin həm NATO üzrə tərəfdaşıdır, həm də bu ölkələr arasında ikitərəfli əməkdaşlıq güclənməkdədir:
 "Türkiyə ABŞ üçün kifayət qədər önəmli və təsir imkanları güclü bir tərəfdaşdır. Belə demək mümkündürsə, ABŞ Türkiyə üzərindəki təsirini azaltmaq, ikitərəfli münasibətləri korlamaq istəmir. Ona görə də Tramp Ərdoğan lehinə bəyanatlar səsləndirir. Digər tərəfdən qeyd etmək lazımdır ki, ABŞ regionda etibarlı tərəfdaşlara bel bağlayaraq öz siyasətini həyata keçirməyi daha məqbul sayır. Belə halda Türkiyə-ABŞ münasibətləri eyni zamanda ABŞ-İsrail, ABŞ-İran və ümumiyyətlə, Yaxın Şərq siyasətinə təsirini göstərə bilər. Ancaq bu, yalnız o halda baş verə bilər ki, Türkiyə ABŞ üçün danışıqlar tərəfdaşı olsun". 
İ.Vəlizadənin sözlərinə görə, əgər Vaşinqton Ankaraya qarşı sərt siyasət həyata keçirərsə, Türkiyəni itirə bilər:
 "Türkiyə ABŞ-nin qarşısında olan güclərlə əməkdaşlığı inkişaf etdirər. Bu da Tramp üçün arzuolunmazdır. O baxımdan ABŞ rəhbərliyi Türkiyə ilə bağlı məsələdə kifayət qədər ehtiyatlı davranmağa çalışır. Qeyd edim ki, ABŞ-nin regionda ən yaxın müttəfiqlərindən biri də Səudiyyə Ərəbistanıdır. Ancaq Səudiyyə Ərəbistanı İsraillə normal münasibətlərdə deyil. Buna rəğmən, ABŞ öz tərəfdaşlarını itirməmək üçün onlarla yaxın əməkdaşlıq edir. Yəni hər şey İsrail Baş naziri Benyamin Netanyahunun istəyindən asılı deyil".