
ABŞ Tehrana düşünməyə hələ vaxt verib -RƏY
İranın maliyyə resurslarını, dünya bazarlarına çıxış imkanlarını, hətta İraq üzərindən bu prosesin həyata keçirilməsini məhdudlaşdırmaq gündəmə gələ bilər
İran Prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişi ətrafında gedən proseslərlə bağlı ABŞ ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib. Lakin məlum olub ki, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei buna qarşı çıxıb. Pezeşkian deyib ki, dialoqa getməyin daha yaxşı olacağını düşünsə də, ali rəhbər deyib ki, ABŞ ilə danışıqlar aparılmayacaq. İran prezidenti də qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır. Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, bu, Tehranı son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır. Qeyd edək ki, İran parlamentində Pezeşkian hökumətinin əsas fiqurlarından biri olan iqtisadiyyat və maliyyə naziri Abdülnasir Himmətiyə impiçment tətbiq olunub. İranlı deputatlar onu istefaya göndəriblər. Parlamentin əsas arqumenti bu olub ki, Himməti iqtisadiyyatı düzgün qura bilməyib. Lakin keçmiş nazir bildirib ki, ona bu ittihamı irəli sürmək yanlışdır: “Bizim planımız var. 6 ayda inflyasiyanı 42 faizdən 32 faizə endirmişik. Yaxın 6 ayda prosesi 10 faiz həddinə endirəcəkdik”. O, daha sonra qeyd edib ki, İranda bahalaşmanın bir səbəbi də sanksiyalardır. “Biz indiyə qədər çox ciddi proseslərin önündə duruş gətirmişik. Lakin elə məsələlər var ki, onun önündə dayanmaq asan deyil. Bu gün baş verənlərin də sanksiyalarla bağlı olduğunu burada oturanlar məndən daha yaxşı bilir”. Prezident Məsud Pezeşkian isə impiçmentin çıxış yolu olmadığını bəyan edib: “Siz bununla hökumətin işinə mane olursuz. 6 ayda bizdən illərdən bəri yığılıb qalmış problemlərin həllini tələb edirsiz. Bu, mümkün deyil. Himmətini istefaya göndərmək çıxış yolu deyil". Digər nazirlərin də narazılıq səsləri eşidilməyə başlayıb. Onlar altı ay ərzində nəsə etməyin mümkün olmadığını qeyd edirlər.
Tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, bu məsələni bir neçə aspektdən dəyərləndirmək lazımdır. Alimin sözlərinə görə, İran daxilində güc mübarizələri davam edir:

"Məlumdur ki, İranın iqtisadiyyat naziri Himməti istefaya göndərildi. Ondan sonra İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərifin istefa verdiyi ilə bağlı xəbərlər yayıldı. Cavad Zərif islahatçı qanadın, Qərblə dialoq platformasının əsas ideya daşıyıcılarından biri sayılırdı. Bu təmasları aparmaq məsələsində diplomatik zəkası ilə hər zaman ön plana çıxan bir şəxs idi. İran Prezidenti Məsud Pezeşkianın tədbirdə Azərbaycan dilində bir neçə misra oxuması belə İranda daxili siyasət baxımından problemli görüldü və dərhal ona müdaxilə edildi. İranın daxilində siyasi konfiqurasiya və güc balansı etibarı ilə ciddi proseslər yaşanır. Digər yandan İran dövləti dünyada yaranmış geosiyasi şərait və onun gətirdiyi mübarizələri diqqətlə təhlil edir və addımlarını ona görə atır. Pezeşkian İran ətrafında halqanın daralması ehtimalını və İranın hədəfdə olduğunu vurğulayaraq Qərblə, ABŞ ilə dialoq xəttini əsas götürür. Onu da yaxşı anlayırlar ki, Rusiya-Ukrayna müharibəsi sonlandırılmadan İrana qarşı addımların atılması mümkün görünmür. Çünki ABŞ-nin, dünyanın əsas gündəmində yer alan məsələ Rusiya-Ukrayna müharibəsidir".
T.Nüsrətoğlu qeyd edib ki, fevralın 4-də ABŞ-də İrana qarşı gələcəkdə həyata keçiriləcək sanksiyalarla bağlı sənəd imzalansa da, Tramp vurğuladı ki, o, bu sənədin həyata keçməyəcəyini ümid edir və İranla məsələlərin dialoqla yoluna qoyulacağına inanır:
"Sənədi diqqətlə incələdikdə ortaya çıxır ki, İranın nüvə silahı əldə etmə potensialı ABŞ-ni və onun bölgədəki əsas müttəfiqi olan İsraili ciddi narahat etməkdədir. Güman edirlər ki, proses bir qədər uzansa, İran nüvə silahı əldə edə bilər. Həmçinin, nüvə başlıqları daşıya biləcək raket sənayesinin də inkişafı Qərbi narahat edir. Ona görə də hədəf olaraq İranın nüvə və raket sənayesi seçilir. Əgər danışıqlarda razılaşmaya nail olunmazsa, növbəti addımlar bunun ətrafında atılacaq. İrana qarşı çoxşaxəli sanksiyalardan söhbət gedir. Neftlə bağlı müddəa orada yer almaqdadır. Nəzərə alaq ki, İran Çinə ciddi miqdarda neft satır. Bunu da əngəlləməyə çalışırlar. Ümumiyyətlə, İranın maliyyə resurslarını, dünya bazarlarına çıxış imkanlarını, hətta İraq üzərindən bu prosesin həyata keçirilməsini məhdudlaşdırmaq gündəmə gələ bilər. Ancaq məsələ ondadır ki, Tramp administrasiyasının rəhbərliyi ilə ABŞ özü "perestroyka"dan keçir. Üstəlik, ABŞ ilə Avropa arasında qarşıdurma müşahidə olunur. İran bu qeyri-müəyyənlik şəraitindən, siyasi mürəkkəblikdən istifadə etməyə çalışır".