ABŞ Prezidenti Donald Trampın ritorikası və qeyri-müəyyən davranışları onun Ukraynaya təhlükəsizlik təminatları vermək niyyətinin zəif olduğunu göstərir. Qərb mediası Zelenskinin Vaşinqtondan gözlədiyi zəmanətlərin reallaşma ehtimalının olduqca aşağı olduğunu və bunun Kiyev üçün həm siyasi, həm də strateji risklər yaratdığını vurğulayır.
"Nyu York Tayms"-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskiyə tələb etdiyi təhlükəsizlik zəmanətlərini verməyəcək:"Zelenskinin konkret təhlükəsizlik zəmanətləri üzərində dayanmadan səy göstərməsi son nəticədə faydasız və bəlkə də təhlükəli olacaq. Amerika lideri Ukrayna ilə bağlı öhdəlik götürsə də, onları yerinə yetirmək məcburiyyətində qalmamaq üçün asanlıqla manipulyasiya edə bilər. Trampın Ukrayna üçün Amerikanın təhlükəsizlik zəmanətlərini yerinə yetirmək istəyinə dair şübhələr ondan başlayır ki, vaxtaşırı bununla bağlı təhdidlərə baxmayaraq, o, Rusiya ilə birbaşa qarşıdurma yaratmaq istəyini heç vaxt göstərməyib".
Siyasi ekspert Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ ilə Ukrayna arasında aparılan danışıqlar çərçivəsində 20 bəndlik sülh planı və təhlükəsizlik zəmanətləri razılaşdırılıb.Lakin bu təminatlar ABŞ prezidentinin siyasi iradəsindən çox, Konqresin qərarından asılıdır və yalnız müvafiq qətnamənin qəbul olunması ilə hüquqi qüvvə ala bilər:

"Bir məsələ var ki, təqdim olunan sülh planı Rusiya tərəfindən qəbul edilmir. Moskva Ukraynadan ərazi güzəştləri, xüsusilə Donbas bölgəsi ilə bağlı tələblər irəli sürür. Ukrayna Prezidenti Vladimir Zelenski isə bu şərtləri qəti şəkildə rədd edir. Nəticədə tərəflər arasında prinsipial ziddiyyətlər qalmaqda davam edir və bu da müharibənin siyasi yolla həllini faktiki olaraq mümkünsüz edir. Odur ki, mövcud vəziyyətdə Rusiya–Ukrayna müharibəsinin yaxın perspektivdə başa çatması real görünmür və döyüşlər davam edəcək".
M.Əsədullazadənin fikrincə, ABŞ daxilində vahid mövqe olmasa da, Amerika dövlət təsisatlarının əhəmiyyətli bir hissəsi Ukraynaya təhlükəsizlik təminatı verilməsində maraqlıdır:
" Donald Trampın bu məsələdə istəksiz mövqe tutmasına baxmayaraq, ABŞ administrasiyası və Konqres səviyyəsində Kiyevə dəstək xəttinin davam etdirilməsi üçün təzyiqlər mövcuddur. Lakin qeyd etdiyim kimi müharibə davam edir, real təhlükəsizlik təminatları yalnız müharibə dayandıqdan və rəsmi atəşkəs imzalandıqdan sonra gündəmə gələ bilər. Aktiv döyüşlərin getdiyi şəraitdə belə təminatların verilməsi praktik və siyasi baxımdan mümkün deyil".
Qərb mediasında yayılan məlumatlara toxunan politoloq qeyd edib ki, qərb informasiya məkanında Rusiyanın təsiri altında olan media qurumları və siyasi dairələr mövcuddur. Bu strukturlar Kremlin mövqeyinə uyğun narrativləri önə çıxararaq ictimai rəyə təsir etməyə çalışırlar:
"Elə ABŞ prezidenti Donald Trampın xarici siyasətdə tutduğu bəzi mövqelər də Vladimir Putinin xətti ilə üst-üstə düşür. Putin Ukraynadan Donbası tələb etdiyi kimi, Tramp da Qrilandiya ilə bağlı iddialar səsləndirir. Bu paralellik böyük güclərin geosiyasi yanaşmalarında oxşar məntiqin mövcud olduğunu göstərir".
M.Əsədullazdə həmçinin qeyd edib ki, Rusiya–Ukrayna münaqişəsi hazırda dalana dirənib. Tərəflər arasında qarşılıqlı güzəştə əsaslanan sülh razılaşması üçün zəmin formalaşmayıb:
" Bu fonda yayılan bəzi Qərb mediası məlumatları da Moskvanın maraqlarına uyğun məzmun daşıyır. Mövcud geosiyasi reallıqlar isə onu göstərir ki, müharibənin dayandırılması yaxın dövrdə deyil, yalnız daha geniş siyasi razılaşmalar çərçivəsində mümkün ola bilər".