Ermənistan hakimiyyəti ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə keçiriləcək görüşdə İranla ticarət edən ölkələrə tətbiq olunacaq yeni gömrük rüsumları məsələsini qaldırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ABŞ-nin İranla ticarət əlaqələri olan ölkələrdən idxal edilən mallara tətbiq etdiyi rüsumların hazırkı 10%-dən 25%-ə qaldırılması Ermənistan ixracatına ciddi zərbə vura bilər:
"2025-ci ilin yekunlarına görə, Ermənistanın ABŞ-yə ixracı 50 milyon dollar təşkil edib və rüsumların artırılacağı təqdirdə bu məhsullar rəqabət qabiliyyətini itirəcək".
Bununla belə, G. Papoyan hələlik ABŞ Maliyyə Nazirliyindən rüsumların artırılması ilə bağlı rəsmi bildiriş almadıqlarını da əlavə edib.