ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanın alınması üçün bir sıra variantları müzakirə edir, Silahlı Qüvvələrdən istifadə variantı da istisna edilmir.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt CNN-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tramp Qrenlandiyanı ABŞ-ın milli təhlükəsizliyi üçün prioritet və Arktika regionunda rəqiblərin qarşısının alınmasında əsas element hesab edir.
“Prezident və onun komandası bu mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif variantları müzakirə edir və əlbəttə ki, ABŞ ordusundan istifadə Ali Baş Komandanın ixtiyarında olan alətlərdən biri olaraq həmişə qalır”, – Livitt vurğulayıb.
CNN-in mənbələrinin məlumatına görə, Dövlət Departamenti dövlət katibi Marko Rubionun komandasının sorğusu əsasında Qrenlandiyanın təbii ehtiyatları, xüsusilə də nadir torpaq elementləri ilə bağlı təhlil hazırlayıb. Sənəddə qeyd olunur ki, ehtiyatların həcmi barədə etibarlı qiymətləndirmələr yoxdur və sərt iqlim şəraiti və infrastrukturun olmaması səbəbindən onların hasilatı son dərəcə baha başa gələcək.