Ağ Evin rəsmi sosial media hesabında paylaşılan süni intellektlə hazırlanmış Tramp-pinqvin təsviri sosial şəbəkələrdə ciddi mübahisələrə səbəb olub. Görüntüdə ABŞ Prezidenti Donald Tramp buzla örtülü ərazidə əlində Amerika bayrağı tutan bir pinqvinlə birlikdə təsvir edilib.
Sherg.az xəbər verir ki, paylaşımdakı “Pinqvini qucaqla” qeydi tənqidləri daha da artırıb. İstifadəçilər pinqvinlərin Qrenlandiyada yaşamadığını vurğulayaraq paylaşımı elmi və coğrafi baxımdan yanlış adlandırıblar. Qeyd edilib ki, pinqvinlər yalnız Cənub yarımkürəsində yaşayır.
Paylaşım Qrenlandiyanın statusu ətrafında ABŞ-Danimarka gərginliyi fonunda edildiyi üçün siyasi mesaj kimi də şərh olunub. Bir sıra siyasətçilər və ekspertlər bunu savadsızlıq və siyasi çaşqınlıq nümunəsi kimi qiymətləndiriblər.