Avropa İttifaqına üzv ölkələr Qrenlandiya ətrafında yaranmış vəziyyətlə əlaqədar ABŞ-yə qarşı 93 milyard avro həcmində cavab tədbirləri tətbiq etmək imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti avropalı rəsmilərə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Aİ-nin cavab addımlarından ikinci variantı Amerika şirkətlərinin vahid Avropa bazarına çıxışının məhdudlaşdırılmasıdır. Qeyd olunur ki, bu planlar gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Avropa liderlərinin ABŞ Prezidenti Donald Tramp ilə görüşləri ərəfəsində hazırlanır.
Avropalı diplomatların birinin "Financial Times"a bildirdiyinə görə, əgər Tramp təzyiq siyasətini davam etdirərsə və tamamilə mafiya üsullarından istifadə edərsə, Brüsselin əlində aydın cavab alətləri var. Eyni zamanda, Aİ açıq şəkildə sakitliyə çağırmaq və ABŞ liderinə geri addım atmaq imkanı vermək niyyətindədir.