Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi

Avropa İttifaqı ABŞ-dən ticarət müqaviləsinin şərtlərinə ciddi şəkildə riayət etməyi və "qlobal tariflər"in ləğvini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi Avropa Komissiyasının bəyanatına istinadən məlumat yayıb.

Sənəddə vurğulanır ki, Vaşinqtonun hərəkətləri Aİ ilə ABŞ-nin birgə bəyanatında göstərilən məqsədlərə - ədalətli, balanslı və qarşılıqlı transatlantik ticarətin aparılmasına və investisiyaların cəlb edilməsinə nail olmağa kömək etmir.

Brüssel Vaşinqtondan növbəti addımlarına aydınlıq gətirməsini tələb edir.

Qeyd edək ki, ötən cümə günü ABŞ Ali Məhkəməsi Trampın qlobal ticarət tariflərini qanunsuz hesab edib. Tramp bu qərarı tanımadığını və tarifi əvvəlki 10% -dən 15%-ə qaldırdığını elan edib.