Analitik: Avropa Ukrayna savaşında böyük məğlubiyyətlə üz-üzədir

350 milyard dollar boşa getdi

 

Tramp-Putin anlaşması Ukraynanın bölünməsi ilə bitə bilər

 

"Ukrayna təmsilçiləri müharibənin başa çatdırılması planını müzakirə etmək üçün ABŞ-yə yola düşərək amerikalı rəsmilərlə görüşməyi planlaşdırırlar. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, bu planın 20 bəndinin, təhlükəsizlik zəmanətlərinin, bərpa haqqında sazişin, bütün sənədlərin və mümkün addımların müzakirəsinə gəlincə, komandalar görüşəcəklər. Zelenski qeyd edib ki, sənədin hələ yekun razılaşdırılmış versiyası yoxdur və plan üzərində iş tamamlandıqdan sonra Tramp ilə təmas mümkün ola bilər. Zelenski bildirib ki, Ukrayna ordusunun Donbasdan çıxması rusların əsas şərtidir, lakin Ukrayna üçün belə bir tələb qəbuledilməzdir, buna görə ABŞ hər iki tərəf üçün kompromis variant axtarır. Prezident qeyd edib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ yolundadır, avropalıların danışıqlara qoşulacağı da mümkündür. Zelenski diqqətə çatdırıb ki, Ukrayna ordusunun sayı ən azı 800 min olmalıdır: "Ukrayna ordusunun silahlanması və gücləndirilməsi məsələsi müzakirə olunur". Hazırda rusların sülh sazişindən imtina etdiyinə dair heç bir əlamətin olmadığını deyən Ukrayna Prezidentinin sözlərinə görə, amerikalılar deyir ki, Putin müharibənin bitməsinə hazırdır. Zelenski Putinin son açıqlamalarına da münasibət bildirib. O qeyd edib ki, Putinin son açıqlamaları Rusiya Federasiyasının müharibəni davam etdirmək niyyətində olduğunu göstərir: "Əgər Putin "diplomatik dalğanı" ləngitsə, ABŞ Rusiya Federasiyasına təzyiq göstərəcək". O əlavə edib ki, istənilən müharibə danışıqlarla başa çatır və bunun mümkün qədər tez baş verməsi Ukrayna üçün vacibdir.

Siyasi şərhçi Elxan Şükürlü deyib ki, hazırda "Qoca qitə" Avropada çox böyük bir təlaş var ki, Tramp Amerikası Rusiya ilə əlbir olaraq Ukraynanı bölüşdürəcəklər. Bu da müharibəyə milyardlarla vəsait xərcləmiş, ciddi bahalaşma və inflyasiya ilə üzləşmiş avropalıların kəskin etirazları ilə, öz hakimiyyətlərindən hesabat tələb etmələri ilə qarşılaşacaq:

"Sonda isə NATO daxilində dərin çatlar yaradaraq, onu parçalayacaq. Axı bu müharibənin ilk aylarında Avropa liderləri öz xalqlarını inandırmışdılar ki, onlar ən böyük müttəfiqləri - ABŞ ilə birgə Putini çəkib Ukrayna bataqlıqlarına salıblar və elə oradaca onun axırına çıxacaqlar. Bu məqsədlə nəinki büdcələrini Ukraynaya davamlı yardımların üzünə açmışdılar, hətta NATO-ya üzvlük haqlarını da artırmaqla vaxtlı-vaxtında ödənişə başlamışdılar. Zelenski hakimiyyətinin qələbəsi üçünsə üst-üstə 350 milyard dollardan çox "sərmayə" yatırmışdılar. İndi isə bu "sərmayə" batır. Avropalıların əsas müttəfiqi - ABŞ, faktiki olaraq, "barışmaz düşmən" elan etdikləri Rusiya ilə eyni cinahda yer alıb. Putinin 2022-ci ilin fevralındakı şərtlərindən hansını qəbul etməyin Ukraynada müharibəni daha tez dayandıra biləcəyini müzakirə edirlər. 3 il əvvəl amerikalı və avropalı siyasətçilərin ayaqüstü alqışlarından vəcdə gələrək məqsədlərinin 1991-ci il sərhədlərinə çıxmaq olduğunu bəyan edən Zelenskinin önünə isə nəinki rusların 2014-cü ildə işğal etdikləri Krımı, üstəlik, Donetski, Luqanskı, Xerson və Zaporojyeni də Rusiya ərazisi kimi tanımaq tələbi qoyulub. Ya qəbul etməli, ya da tezliklə seçkiləri təyin edib hakimiyyətdən əl çəkməlidir. Görünən odur ki, bu savaşın yekunu olaraq, Ukrayna ərazilərini birdəfəlik itirməklə bölünəcək. Rusiyaya tətbiq edilən sanksiyalar götürüləcək, yeraltı-yerüstü sərvətlərlə zəngin Rusiyadan çıxan Avropa şirkətlərini ABŞ şirkətləri əvəzləyəcək. Avropa Birliyinin qazancı isə Ukraynanın bir hissəsini və bir də ağbəniz miqrantları ağuşuna almaq olacaq".

Analitik qeyd edib ki, hazırda Ukrayna üçün ən böyük təhlükəsizlik zəmanətinin Avropa Birliyinə üzvlük olacağı deyilsə də, Ukraynanın hansı sərhədlər çərçivəsində bu ittifaqa qəbul ediləcəyi haqda bir kəlmə açıqlama verilmir:

"4 il əvvəl Ukrayna və Avropa üçün daha yaxşı şərtlər varkən, buna imkan verilməməsi və indi daha ağır şərtlərlə həll variantına gedilməsi böyük uğursuzluq və məğlubiyyətdir. Şübhəsiz, Ukraynadakı bu uğursuzluq, ilk növbədə, Avropa Birliyinin daxilində, həmçinin Böyük Britaniyada siyasi hakimiyyətlərə qarşı çıxışları xeyli gücləndirəcək. Bu uğursuzluğu ört-basdır etmək üçün də Avropa liderləri yeni bir uğur hekayəsinə ciddi ehtiyac duyurlar. Guya, Putin SSRİ-ni bərpa edəcəkmiş, bunlar da yığışıb Ukraynanı bölməklə, Rusiyanın onu tam ələ keçirməsinə və irəliləməsinə imkan vermədilər. Reallıqda isə hazırkı Rusiyaya ən böyük zərbə və onu birdəfəlik məhv edib tarix səhnəsindən çıxaracaq ideya elə məhz SSRİ-ni yenidən bərpa cəhdi olar".