Analitik: Liviyada proseslər dalana dirənə bilər

 Türkiyənin strateji müttəfiqi general Əl-Həddadın ölümü sui-qəsd ehtimallarını gündəmə gətirdi

Türkiyənin paytaxtı Ankaradan Liviyanın Tripoli şəhərinə uçan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu "Falcon 50" tipli biznes təyyarəsi qəzaya uğrayıb. Təyyarədə Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla ümumilikdə 5 nəfər həlak olub. Hadisə təyyarə Ankara Esenboğa Hava Limanından qalxdıqdan qısa müddət sonra baş verib. Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın bildirdiyinə görə, təyyarə havaya qalxandan 42 dəqiqə sonra onunla əlaqə kəsilib. Haymana rayonu yaxınlığında təyyarədən təcili eniş tələbi daxil olsa da, sonradan əlaqə bərpa olunmayıb. Bir müddət sonra təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən təxminən 2 kilometr cənubda aşkarlanıb. Qəza zamanı bölgədə əlverişsiz hava şəraiti, güclü yağış və dumanın olduğu bildirilib. Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun açıqlamasına görə, qəzanın araşdırılması üçün bir dövlət prokurorunun müavini tərəfindən koordinasiya edilən dörd prokuror təyin edilib. İstintaq çərçivəsində qəzanın səbəblərinin və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Liviya tərəfi faciəyə rəsmi reaksiya verib. Tripolidə yerləşən Milli Razılıq Hökuməti general Məhəmməd Əli Əhməd əl-Həddadın ölümü ilə əlaqədar ölkə ərazisində üç günlük matəm elan edib. Matəm bütün Liviya üzrə qüvvədə olacaq. Hadisəni şərh edən ekspertlər qəzada İsrail kəşfiyyatının "izini" axtarırlar. Digər versiyalar səsləndirənlər də var.

Siyasi şərhçi, araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu Sherg.az-a deyib ki, general Məhəmməd Əli Əhməd əl-Həddadın Türkiyədə ölümü Ankara üçün ciddi itkidir. Onun sözlərinə görə, general Əl-Həddad 2019-2020-ci illərdə şərqi və qərbi Liviya, yəni Təmsilçilər Məclisi hökuməti ilə Milli Razılıq Hökuməti arasında gedən müharibədə General Xəlifə Həftər ordusuna qarşı vuruşan və Tripolinin müdafiəsinə rəhbərlik edən şəxs idi:

"Eyni zamanda birləşmə prosesində də fəal idi. Ankara ilə yaxın əlaqələrə malik idi. Onun hökuməti silah və texnikanı demək olar ki, Türkiyədən alırdı. Yeri gəlmişkən, Türkiyənin ən çox silah satdığı ölkə Liviyadır. İndi danışıqlar prosesinin fəal dövründə belə bir şəxsin ölümü Ankara üçün ciddi itkidir. Sui-qəsd ehtimalı da müzakirə olunur. Ancaq elə bir ciddi səbəb və ya dəlil yoxdur. Bir ehtimal var ki, Əl-Həddad prosesdə kimlərəsə mane olub. Çünki son həftələrdə ərəb mediası birləşmə prosesinin dalana dirəndiyi, hətta Liviyanın iki dövlətə bölünməsi və bunun rəsmiləşmə ehtimalının yüksək olduğunu yazırdı. Hər halda yaxın günlərdə fikir yürütmək üçün məhdud da olsa məlumatlar yayılacaq".