Analitik: Rusiya və ABŞ liderləri arasında görüş real nəticə verə bilməz

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yeni görüşə o halda razılaşacaq ki, görüşün Ukraynada müharibənin dayandırılmasına yardım etmək üçün real şans olsun”.

Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Hər iki tərəf razılaşıb ki, prezidentlərimiz arasında növbəti görüş konkret nəticə verməlidir. Biz bilməliyik ki, müsbət bir şey əldə etmək üçün real şans var. Vaşinqton görüş xatirinə görüş istəmir”, - o vurğulayıb.

Politoloq Aytən Qurbanova Sherg.az-a bildirib ki, indiki məqamda Rusiya və ABŞ liderləri arasında hər hansı bir görüşün keçirilməsi real nəticə verə bilməz:

"İlk növbədə onu unutmamaq lazımdır ki, Rusiyanın müharibənin başlanma səbəbi deyə bəyan etdiyi “tələblərində” heç bir dəyişiklik müşahidə olunmur. Bu tələblərin hər biri də beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, Ukraynanın suverenliyinə ciddi zərbə vuraraq işğalı legitimləşdirməyi hədəfləyir. Deməli danışıqların hər hansı bir dormada uğurlu olması üçün ilkin şərt hər iki tərəfin mövqeyinin əks olunduğu real gündəliyin müəyyənləşdirilməsidir. Təəssüflər olsun ki, ABŞ başda olmaqla qlobak sistemin heç bir aktoru bu istiqamətdə uğurlu təşəbbüslə çıxış etməyə müvəffəq olmayıb. Rusiya hərbi cəbhədə irəliləyərək Ukrayna ərazisini işğal etməyə davam edir, digər tərəfdən isə diplomatik cəbhədə öz şərtlərini diktə erməyə çalışır".

Analitikin fikrincə, Rubionun ifadə etdiyi konkrer nəticə yönümlü görüş ancaq Rusiyanın hərbi cəbhədəki mövqeyi zəiflədiyi halda mümkün ola bilər:

"Ya da ən bədbin ssenariyə uyğun olaraq Rusiyanın tələblərinin böyük əksəriyyətinin qəbul ediləcəyi və Ukraynanın qurban veriləcəyi masa qurulması mümkündür. Bu da kollektiv Qərbin Rusiyanın yeni dünya nizamındakı yeri ilə bağlı gözləntiləri ilə heç bir halda üst-üstə düşməyə bilər".