Bu görüşə digər oyunçuların reaksiyası görüşün nəticəsindən sonra məlum olacaq
Etnik qrupların hakimiyyətə qarşı qaldırılması birbaşa İsrailin Türkiyəni sıxmaq cəhdidir
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-a səfərə yola düşüb və ABŞ prezidenti Donald Tramp ilə danışıqlar aparmağı planlaşdırır.
Bu barədə İsrailin dövlət teleradio şirkəti Kan məlumat yayıb. Məlumata görə, iki liderin görüşü dekabrın 29-da Florida ştatında keçiriləcək.
Məlumata əsasən, Netanyahu Trampla Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidlə bağlı məsələləri, həmçinin Fələstin anklavında beynəlxalq sabitləşdirmə qüvvələrində Türkiyənin mümkün iştirakını müzakirə etməyi planlaşdırır. Bundan əlavə, İsrailin baş naziri söhbət zamanı İran məsələsini də gündəmə gətirmək və gələcəkdə İranda raket istehsalı ilə əlaqəli obyektlərə mümkün zərbələr barədə Trampla mövqeləri razılaşdırmaq niyyətindədir.
Dövlət teleradio şirkətinin məlumatına görə, Netanyahu ABŞ-da beş gün qalacaq və səfər çərçivəsində bir sıra əlavə görüşlər keçirəcək. Onların sırasında ABŞ-ın dövlət katibi Marco Rubio ilə görüş də gözlənilir. Ynet portalı isə bildirir ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi son girovun nəşinin geri qaytarılması, həmçinin radikal Fələstin hərəkatı “HAMAS”ın tərksilah edilməsi və Qəzzanın demilitarizasiyası ilə əlaqələndirir.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, Netanyahu - Tramp görüşü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Lakin görüşün əsas səbəbi təbii ki, yalnız İsrailin maraqları üçündür:

" Regionda sabitliyin bərpası İsrail üçün yalnız öz maraqları çərçivəsində məqbuldur. Qəzzada atəşkəsin ikinci mərhələsinə keçidin reallaşması İsrailin bu prosesdə daha çox qazanc əldə etməsi nəticəsində baş verə bilər. Bu, İsrailin mövqeyidir. Netanyahunun atəşkəsin ikinci mərhələsinin başlanması ilə bağlı mövzu açması siyasi manevr xarakteri daşıyır. Əsasən Türkiyənin bölgədəki təsirlərini azaltmaq və iştirakını məhdudlaşdırmaq məqsədi güdür. Bu görüşə digər oyunçuların reaksiyası görüşün nəticəsindən sonra məlum olacaq".
T. İrfanın sözlərinə görə, Qəzza ilə bağlı qərarların yalnız Tramp və Netanyahu arasında qəbul edilməsi digərlərində narahatlıq və narazılıq yarada bilər. O bildirib ki, Livanda Hizbullahın bombalanması, Suriyada SDQ-nin dəstəklənməsi, habelə digər etnik qrupların hakimiyyətə qarşı qaldırılması birbaşa İsrailin Türkiyəni sıxmaq cəhdidir:
"Qəzza ilə bağlı atəşkəsin növbəti mərhələsində də İsrail maksimum çalışacaq ki, regiondakı proseslərə güclü təsir imkanları olan Türkiyənin qarşısını alsın. Yunanıstan və Yunan Kipri ilə bağlanılan müqavilə də bu qəbildəndir. İsrail üçün İran o qədər də təsirli və təhlükəli deyil. Əsas Türkiyədir ki, həm Suriyada həm də Qəzzada gedən proseslərdə aidiyyəti var və İsrailin anormal planlarına qarşı açıq çıxış edir, müqavimət göstərir. Tramp - Netanyahu görüşünün nəticələri İsrail üçün qənaətbəxş olsa da məsələnin yalnız İsrailin istəkləri çərçivəsində həllinə nəinki Türkiyə, Misir və regiondakı digər ərəb ölkələri də etiraz edə bilər. İsrailin ideoloji yöndən məqsədi qonşu ərəb ölkələrinin ərazilərini mümkün olduğu qədər ələ keçirib axır nəticədə Türkiyəyə çatmaqdır. Uzun zaman üçün nəzərdə tutulan bu planı ərəb ölkələri ilə yanaşı Türkiyə də bilir və hazırda gedən mübarizələrin əsl mahiyyəti bundan ibarətdir. İsrail hücum mövqeyində Türkiyə və ərəb ölkələri isə müdafiə mövqeyindədir. İsrail təhlükəsindən özünü, sərhədlərini qorumaq uğrunda mübarizə gedir. ABŞ-nin mövqeyi də üzdə birmənalı deyil, lakin mahiyyəti etibarı ilə İsraili dəstəkləyir".
Siyasi şərhçi qeyd edib ki, Qəzza ilə bağlı yaxın müddətdə, İsrailin yeni güc toplamasına qədər yeni qarşıdurmalar gözlənilmir:
"İrana qarşı ABŞ-nin və İsrailin həlledici hücumlarından sonra həm Türkiyəyə həm də Qəzzanın tam ələ keçirilməsi üçün Livan, Suriya və Yəmənə eyni zamanda hücum planlaşdırılır. Hazırda isə İran təhlükəsini tam dəf etmək mövzusunda Tramp - Netanyahu arasındakı danışıqların nəticəsini gözləmək lazımdır. Bəzi ərəb ölkələri ilə Türkiyənin eyni mövqedən çıxış etməsi ümumi həlli mümkün etmir. Çünki ABŞ-nin və İsrailin dəstək verdiyi SDQ-nin Suriyada həm Dəməşq həm də Ankara üçün ciddi təhlükə yaratması Türkiyəni bununla əlaqədar məşğul edir. İranın da dəstək verdiyi Rusiya isə artıq Suriya vasitəsi ilə yenidən bölgəyə daxil olur. ABŞ-nin bəzi maraqlarını da Rusiya vasitəsi ilə regionda təmin etmə cəhdləri var. Ümumiyyətlə regionda gedən siyasi proseslər yaxın zamanda ciddi hadisələrin olacağının anonsunu verir. Hazırda Türkiyə özü və öz maraqları, təhlükəsizliyinin təmini üçün həlledici mərhələyə qədəm qoyur. Əgər Suriyadakı məqsədlərinə nail olaraq SDQ-nin zərərsizləşdirilməsinə nail olarsa digər məsələlərdə də İsraili Qəzzada sülhün təmini üçün məcbur durumda buraxa bilər".