Ancelina Coli humanitar missiya çərçivəsində Misirlə Qəzza zolağı arasındakı Rəfah keçid məntəqəsini ziyarət edib.
APA xəbər verir ki, bu barədə "Al Arabia" məlumat yayıb.
Məlumata görə, aktrisa səfəri zamanı Şimali Sinay əyalətinin qubernatoru Xalid Muqavir ilə görüşüb və onunla birlikdə Misir Qırmızı Aypara Cəmiyyətinə məxsus, Qəzza sakinləri üçün nəzərdə tutulan humanitar yardım ehtiyatlarının saxlandığı anbarlara baxış keçirib.
Ancelina Coli həmçinin Qəzza zolağından təxliyə edilərək Misirin Əl-Ariş şəhərində müalicə alan yaralı fələstinliləri ziyarət edib.
Səfər çərçivəsində aktrisa beynəlxalq ictimaiyyəti Qəzza zolağına humanitar yardımın həcmini artırmağa çağırıb və Misirin fələstinlilərə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.