Yaxın vaxtlara qədər Kiyev Moskva ilə birbaşa təmasların mümkünlüyünü istisna edirdi, indi isə bu təmasları istəyir. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Kreml rəhbəri bildirib ki, indi Zelenski ilə əsas məsələlərdə razılığa gəlmək mümkün olmayacaq: "Ukrayna tərəfdən kimsə həqiqətən də görüşmək istəyirsə, biz hazırıq, bunun üçün ən yaxşı yer qəhrəman şəhər Moskvadır". Putin əlavə edib ki, Vladimir Zelenski və Kiyev nümayəndələri Moskvaya gəlməyə qərar verərsə, onlara təhlükəsizlik zəmanəti verməyə hazırdır. Rusiya lideri Kiyevin təklif etdiyi yerlərdə görüşün keçirilməsi ilə bağlı çağırışları da nəzərdən keçirdiyini bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə görüş üçün ən yaxşı yerin Moskva olduğunu bir daha təkrarlayıb. Bundan əvvəl də Putin Zelenski ilə görüş üçün Moskvanı təklif etmişdi, Ukrayna lideri isə bu təklifi rədd etmişdi. Rusiya rəhbəri vurğulamışdı ki, NATO qoşunları Ukrayna ərazisində peyda olarsa, Rusiya onlara hücum edə bilər: "NATO qoşunları Ukraynada görünsələr, Rusiya ordusu üçün qanuni hədəflər olacaq. Ukraynada sülh əldə olunduqdan sonra isə orada Qərb qoşunlarının yerləşdirilməsinə ehtiyac qalmayacaq".
"NBC News" nəşri bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymaqda vasitəçilik etməklə bağlı getdikcə bədbinləşir. Nəşrin yazdığına görə, Tramp Rusiya və Ukrayna liderlərinin görüşü ilə də bağlı o qədər nikbin deyil. Məlumat üçün bildirək ki, D.Tramp Avropanı Rusiya neftini almamağa, eyni zamanda, Rusiyanın müharibəsini dəstəklədiyinə görə Çinə iqtisadi təzyiq göstərməyə çağırıb. Politoloq İlqar Vəlizadə deyib ki, Rusiya və Ukrayna liderlərinin birbaşa görüşü barədə nəsə demək çətindir. Analitik vurğulayıb ki, hadisələr çox mürəkkəb şəkildə inkişaf edir:

"Xüsusən, son bir neçə il ərzində Rusiya tərəfindən Ukraynaya böyük zərbələr endirilir, paytaxt Kiyev vurulur. Ukrayna bununla bağlı çox kəskin bəyanatlar verir. Sərt bəyanatlar və gərginlik fonunda tərəflərin, yəni Putinlə Zelenskinin görüşü qeyri-real görünür. Lakin görünən odur ki, vasitəçilər, ələlxüsus Türkiyə çalışır ki, liderlərin görüşü baş tutsun və müharibənin şiddəti səngisin. Eyni zamanda tərəflər sülhə dair əsaslı addımlar atsın. Lakin indiki mürəkkəb şəraitdə liderlərin birbaşa təması çətin görünür. Təbii ki, məsələ Türkiyə ilə bağlı deyil. ABŞ prezidenti də tərəflərə təsir göstərə, liderlərin görüşünü təşkil edə bilmir. Hadisələrin məntiqi başqa şey deyir".
Həmsöhbətimiz əlavə edib ki, ilk növbədə görüşün gündəliyi hazırlanmalıdır: "Bununla bağlı da hansısa xüsusi hazırlıq yoxdur. Düşünmək olar ki, qapalı şəraitdə liderlərin görüşünə hazırlıq gedir. Hər halda Türkiyə tərəfi çalışır ki, həm Moskvanı, həm Kiyevi görüşə razı salsın, kontaktlar var. Rabitələr əsasında müəyyən dəst-xətt formalaşa bilər. Hər halda tərəflərin görüşü istiqamətində işlər gedir, vasitəçilər buna çalışırlar. Türkiyə də əsas təşəbbüskarlardan biridir. Ankara kifayət qədər təsirli oyunçu sayılır. Türkiyə XİN başçısı Hakan Fidanın Ukrayna və Rusiya xarici işlər nazirləri ilə sıx əlaqədə olması də göstərir ki, Ankara çalışır ki, görüş onun meydanında baş tutsun, müəyyən razılaşmalar olsun".