Mustafa Kamal Atatürkün vəfatı Türkiyə xalqının qəlbində silinməz bir ayrılıq izi qoydu. 1938-ci il noyabrın 10-da Dolmabağçada zaman sanki dayandı, bayraqlar yarıya endirildi, ölkəni göz yaşları və matəm bürüdü. Aradan uzun illər keçsə də, bu dərin kədər unudulmadı. Atatürkə duyulan həsrət və ehtiram bu gün Anıtkabiri ziyarət edən dünyanın tanınmış simalarının fikirlərində də əks olunur. Bir xalqın matəmi dünya yaddaşında yaşamağa davam edir...
Bir insan, müəllim, hərbçi və lider...

Onun ölümündən sonra geridə göz yaşları, yarıya endirilmiş bayraqlar və heç vaxt bitməyən həsrət qaldı.
Mustafa 145 il əvvəl dünyaya gəlmişdi. O, 57 illik ömrünə müharibələri, müqavilələri və bitib-tükənməyən mübarizələri sığdırdı.
Silahdaşları ilə birlikdə bir imperiyanın xarabalıqları üzərində yeni respublikanın qurulmasına rəhbərlik etdi. Arxasında yalnız bir dövlət deyil, bu gün də ehtiramla xatırlanan ideya, nümunə və yol qoydu.
Həmin gündən 88 il ötür...
Rənglər solmuş, meydanlar səssizliyə qərq olmuş, gözlər yaşla dolmuşdu. Dolmabağçada zamanın dayanması bir xalqın qəlbində ağır ayrılıq hissi yaratmışdı. Mustafa Kamal Atatürkün gözlərini əbədi yumduğu həmin səhər Türkiyə təkcə liderini deyil, gələcəyinə istiqamət verən ən böyük yol göstəricilərindən birini itirmişdi.

Onun vəfatından əvvəlki son saatları ilə bağlı xatirələrdən biri yaxın silahdaşı Həsən Rza Soyakın qeydlərində yer alıb. Soyakın sözlərinə görə, həkimin müayinəsi zamanı Atatürk başını ona tərəf çevirərək “Əleykümsəlam” deyib. Bu ifadə illər ərzində yaddaşlarda qalsa da, Atatürkün son sözləri ilə bağlı müxtəlif şahid ifadələrinin olduğu da məlumdur.
Həmin səhər saat 09:05-də gələn ölüm xəbəri Türkiyəni matəmə qərq etdi. Lakin o gün başlayan yas zamanla tarixi yaddaşa çevrildi. Türkiyənin hər yerində yaşanan kədər illər sonra dünyanın müxtəlif guşələrindən səslənən ehtiram ifadələri ilə yeni məna qazandı.

Atatürkün vəfatından sonra yaşanan ağrı təkcə Türkiyə sərhədləri daxilində qalmadı. Həmin dövrdə Ankarada Böyük Britaniyanın səfiri olmuş ser Persi Loran 1938-ci il dekabrın 3-də dəfn mərasimindən sonra İngiltərə Xarici İşlər Nazirliyinə göndərdiyi hesabatda Türkiyədəki matəmin səmimiliyinə diqqət çəkmişdi.
Loran Atatürkə duyulan həsrətin dəfn mərasimi zamanı xalq arasında dərindən hiss olunduğunu yazmışdı. O, qadınların göz yaşlarını saxlaya bilmədiklərini, dəfn kortejinin keçdiyi yollarda dayanan əsgərlərin belə üzlərində kədər ifadəsi olduğunu bildirmişdi. Səfirin hesabatında dik dayanan əsgərlərin gözlərindən yaş süzüldüyü də qeyd olunmuşdu.

Bu qeydlər Atatürkün vəfatından sonra yaşananları yalnız Türkiyənin öz tarixindən deyil, həmin günlərə şahidlik etmiş xarici diplomatın baxışından da əks etdirirdi. Loranın hesabatı dəfn mərasimindəki duyğuların diplomatik yazışmalarda əksini tapdığı tarixi sənədlərdən biri kimi yadda qalıb.
Atatürkün dəfn mərasimində müxtəlif ölkələrin nümayəndələrinin iştirakı onun vəfatının beynəlxalq miqyasda da əks-səda doğurduğunu göstərirdi. Türkiyə qurucusunu son mənzilə yola salarkən dünya ictimaiyyəti də gənc respublikanın liderinə maraq və ehtiramını müxtəlif formalarda ifadə edirdi.

İllər keçsə də, Atatürkə maraq azalmadı. 1938-ci ildə Türkiyəni bürüyən matəmin yerini zamanla ziyarətlər, anım paylaşımları və müxtəlif ölkələrdən olan tanınmış şəxslərin açıqlamaları aldı. Anıtqəbir Türkiyəyə gələn xarici qonaqların baş çəkdiyi mühüm məkanlardan birinə çevrildi.
Belə ziyarətlərdən biri 2007-ci ildə Ankaraya gələn aktyor Kevin Kostnerin Anıtqəbirə səfəri idi. Kostner məqbərəyə gül dəstəsi qoyaraq ehtiramını bildirmişdi. O, Atatürkün Türkiyə xalqı üçün daşıdığı əhəmiyyəti bildiyini və məhz buna görə onu canlandırmaqla bağlı film təklifini dəyərləndirdiyini söyləmişdi.
Kostnerin Atatürklə bağlı fikirləri sonrakı illərdə də gündəmə gəldi. 2009-cu ildə Türkiyəyə yenidən gələn aktyor “Nə mutlu türküm deyən” yazılmış papağı ilə diqqət çəkmişdi. O, bu ifadəni Atatürkün yazılarından oxuduğunu və çox bəyəndiyini bildirmişdi. Kostner papağı Türkiyəyə duyduğu sevinc və rəğbəti göstərmək məqsədilə ABŞ-da hazırlatdığını söyləmişdi.
Atatürkü filmdə canlandırıb-canlandırmayacağı ilə bağlı suala cavab verən Kostner belə xüsusi şəxsiyyəti əcnəbi aktyorun deyil, Türkiyədən olan bir sənətçinin canlandırmasının daha doğru olacağını düşündüyünü bildirmişdi. O, Türkiyədə Atatürkün adının bu qədər qürurla yaşadılmasından təsirləndiyini də vurğulayaraq, onun həqiqətən çox xüsusi insan olduğunu demişdi.
Kostnerin fikirləri xarici qonaqların Atatürkün Türkiyə cəmiyyətindəki yerini anlamaq cəhdlərinin nümunələrindən biri idi. Bir neçə il sonra isə Türkiyənin yaxın tarixini ekranlara gətirən filmin təqdimatı üçün ölkəyə gələn başqa bir aktyor da Atatürkün irsi ilə bağlı düşüncələrini bölüşdü.
“The Water Diviner” filminin təqdimatı üçün 2014-cü ildə Türkiyəyə gələn Rassel Krou Atatürkü film çəkilişlərindən əvvəl də tanıdığını, lakin araşdırmalar zamanı onun düşüncə dünyasını daha yaxından öyrəndiyini söyləmişdi. Atatürkün demokratiya ideyasını xalqa çatdırmaq üçün ciddi səylər göstərdiyini bildirən Krou onu “çox dərin düşüncəli insan” adlandırmışdı.
Atatürkün təhsil, geyim və qadın hüquqları sahəsində həyata keçirdiyi islahatlara da toxunan Krou Türkiyəni müasir dövlətə çevirmək üçün seçdiyi üsulların bu gün də əhəmiyyətini qoruduğunu düşündüyünü demişdi. Aktyor Atatürkün fikirlərinin insanların qəlbində yer etdiyini vurğulayaraq onu “həm ölkəni quran siyasətçi, həm də ölkəni xilas edən hərbçi” kimi xarakterizə etmişdi. Atatürkü canlandırmaq ehtimalı barədə suala isə “Heç də pis fikir deyil” cavabını vermişdi.

Atatürkün ideya irsinə maraq dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilərin timsalında da özünü göstərirdi. Hindistan kinosunun tanınmış aktyorlarından Aamir Xan 2017-ci ildə Anıtqəbiri ziyarət etmişdi.
Ziyarətlə bağlı ona ünvanlanan suala Xan belə cavab vermişdi: “Mənim üçün çox mühüm təcrübə oldu. Bura həqiqətən də böyük bir liderin uyuduğu məkandır. Ondan öyrənəcəyimiz çox şey var. Bu xatirəni ömrümün sonuna qədər unutmayacağam”.
Xanın sözləri Atatürkün yalnız Türkiyənin tarixində yer alan lider kimi deyil, müxtəlif ölkələrdən olan insanların da öyrənəcəyi çox şey tapdığı tarixi şəxsiyyət kimi qəbul edildiyini göstərirdi.


Anıtqəbirin ziyarətçiləri arasında təkcə incəsənət və kino dünyasının nümayəndələri olmayıb. Texnologiya sahəsinin tanınmış sahibkarlarından İlon Mask da 2017-ci ildə Türkiyəyə səfəri zamanı Atatürkün məzarını ziyarət edərək ora gül dəstəsi qoymuşdu. Mask sosial şəbəkə hesabında bu sözləri paylaşmışdı:
“Gülləri mən qoydum.
Üç sınıq qabırğa.
Dəlinmiş ağciyər.
Və buna baxmayaraq, mübarizə apardı”.
Maskın paylaşımı Atatürkün müharibə illərindəki mübarizəsinə və sülh prinsipinə diqqət çəkirdi. Onun Anıtqəbir ziyarətini sosial şəbəkə vasitəsilə milyonlarla insana çatdırması bu tarixi məkanın və Atatürkün beynəlxalq miqyasda tanınmasını bir daha gündəmə gətirmişdi.
Bir aktyorun Atatürkün xalqı ilə qurduğu bağa dair müşahidələri, başqa bir sənətçinin onun islahatları və liderliyi haqqında fikirləri, müxtəlif ölkələrdən gələn qonaqların Anıtqəbirdə yaşadıqları...
Fərqli dövrlərə və baxışlara aid olsalar da, bütün bu fikirlər bir məqamda birləşirdi: Atatürk vəfatından onilliklər keçməsinə baxmayaraq, dünyanın müxtəlif yerlərindən insanların diqqətini cəlb etməkdə davam edirdi.
1938-ci ildə bir xalqın göz yaşları ilə başlayan hekayə illər sonra dünyanın müxtəlif guşələrindən gələn ziyarətlər və səslənən ehtiram sözləri ilə davam edir. Atatürkün vəfatından sonra yaşanan matəm tarixi hadisə kimi keçmişdə qalsa da, ona duyulan maraq və hörmət yeni nəsillərin yaddaşında yaşamağa davam edir.
10 Noyabr - ehtiram və həsrətlə...