Avropa qoşunları Ukraynaya yerləşdirilə bilər -AKTUAL

Trampın bu planı, Avropa ölkələrinin Ukraynada sülhü təmin etmək üçün daha çox məsuliyyət daşımalı olduqları fikri ilə üst-üstə düşür
ABŞ Prezidenti Donald Trampın planına əsasən Avropa qoşunları Ukraynaya yerləşdirilə bilər.
Bu barədə “The New York Post” nəşri ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Bildirilib ki, Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planına Kiyevin nəzarətində olan ərazilərə Avropa ölkələrinin hərbi kontingentinin yerləşdirilməsi də daxil edilə bilər.
“Planın ən çətin hissəsi təhlükəsizlik qüvvələrinin necə görünəcəyidir. Bu qüvvələr ukraynalıların əldə etmək istədikləri təhlükəsizlik zəmanətlərinin bir hissəsidir və ümid edirik ki, onlar bu zəmanətləri əldə edəcəklər”, - amerikalı rəsmidən sitat gətirilib.
Nəşrin məlumatına görə, plan çərçivəsində Rusiya, Ukrayna və NATO üzvü olmayan üçüncü ölkənin təmsilçilərinin daxil olacağı birgə komissiyanın yaradılması da nəzərdən keçirilir. Bu komissiyanın əsas vəzifəsi atəşkəs rejiminə nəzarət etmək olacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov NATO ölkələrinin qoşunlarının istənilən ad altında və formada Ukrayna ərazisində yerləşdirilməsinin Rusiya üçün təhlükə olduğunu və Moskvanın bunu heç bir halda qəbul etməyəcəyini bəyan edib.
Ekspertlərin fikrincə, Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi ideyası beynəlxalq müstəvidə həm sülh təşəbbüsü kimi, həm də potensial risk mənbəyi kimi qiymətləndirilir. Bu addımın real sülhə töhfə verib-verməyəcəyi isə bir sıra geosiyasi, hərbi və diplomatik amillərdən asılıdır.
Politoloq Sona Əliyevanın “Sherg.az"a açıqlamasına görə,  ABŞ Prezidenti Donald Tramp Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsinə sülhməramlı missiya çərçivəsində atəşkəsə nəzarət məqsədilə Ukraynaya göndərilməsini dəstəklədiyini vurğulayıb. Tramp qeyd edib ki, ABŞ bu prosesə "müəyyən dəstək" verəcək, lakin ABŞ əsgərlərinin Ukraynaya göndərilməsi planlaşdırılmır. 
Trampın bu mövqeyi, Avropa ölkələrinin Ukraynada sülhü təmin etmək üçün daha çox məsuliyyət daşımalı olduqları fikri ilə üst-üstə düşür. O, Avropa liderlərinin sülhməramlı missiyada iştirak etməsini alqışlayıb və bu təşəbbüsə qarşı çıxmadığını bildirib. 
Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın seçkiöncəsi vədlərindən biri də Rusiya-Ukrayna savaşında atəşkəsə nail olunması ilə bağlıdır:
 “Tramp bu atəşkəsə nail olacağına əmin idi. Hələlik Ukrayna tərəfinin haqlı arqumentləri qarşısında Vaşinqton da susmağa məhkum görünür. Zelenski administrasiyasına qarşı Birləşmiş Ştatların təzyiqləri effekt vermir. Düşünürəm ki, Trampın sülhməramlı missiya ilə bağlı bəyanatı da sülhdən sonrakı proseslərə hesablanmış addımdır. Amma öncə atəşkəsə nail olmaq lazımdır.  İndiki məqamda müvəqqəti atəşkəs də real görünmür. Avropa dövlətlərinin, üstəlik, NATO-nun üzvü olmayan ölkələrin sülhməramlı kontingenti formal hərbi birləşmə sayılacaq. Onlar sadəcə müşahidəçi qismində bölgədə görünəcəklər. Kipr adasında BMT-nin sülhməramlıları hansı işi görürlərsə, onlar da həmin funksiyanı yerinə yetirəcəklər. Ona görə də bu məsələyə heç Rusiya da qarşı deyil. Çünki koalisiya mandatı ilə bölgəyə gələn sülhməramlı kontingentin proseslərə müdaxilə imkanları olmur. Atəşkəs rejiminə nəzarət mexanizminə ABŞ prezidentinin hə və ya yox deməsi də indiki məqamda heç bir əhəmiyyət daşımır. ABŞ bununla demək istəyir ki, Ukrayna cəbhəsində sülh risklərinin idarə olunmasında mən də varam. Əsas məsələ Ukraynanın maraqlarının təmin olunmasıdır ki, ABŞ bu məsələdə işğalçının mövqeyini müdafiə edir”.