BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese İsrail həbsxanalarında saxlanılan fələstinlilərə qarşı cinsi zorakılıq hallarında Avropa ölkələrində xüsusi təlim keçmiş itlərdən istifadə edildiyini iddia edib.
Sherg.az xəbər verir ki, Albanese bu barədə İrlandiya parlamentinin Avropa məsələləri üzrə komitəsində çıxış edərkən danışıb. O, Avropa ölkələrini İsrailin Fələstin ərazilərindəki əməllərinə şərik olmaqda ittiham edib və beynəlxalq hüququn müdafiəsi üçün qətiyyətli addımlar atmağa çağırıb.
Məruzəçi bildirib ki, işgəncə və cinsi zorakılığa məruz qaldıqlarını deyən fələstinlilərin ifadələrində Avropada təlim keçmiş itlərin bu hücumlarda istifadə olunduğuna dair iddialar yer alır.
Albanese Avropa ölkələrinin belə itləri İsrailə sataraq bundan gəlir əldə etdiyini irəli sürüb. O, həmçinin fələstinlilərə qarşı zorakılığın yeni olmadığını, bu cür halların 1948-ci ildən qeydə alındığını vurğulayıb.
BMT rəsmisi Qəzzadakı vəziyyətə də toxunaraq, atəşkəsə baxmayaraq, bölgədə soyqırımın davam etdiyini iddia edib. Onun sözlərinə görə, son üç ildə 74 min 500-dən çox fələstinli öldürülüb, onların azı 21 min 700-ü uşaqdır.
Albanese İrlandiyanı Avropa İttifaqına sədrliyi dövründə beynəlxalq hüququn qorunması üçün digər üzv ölkələri də hərəkətə keçirməyə çağırıb.