“ABŞ Prezidenti Donald Tramp Qəzza zolağının bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına müxtəlif dövlətləri dəvət edib”.
Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Amerika lideri üzvlüyün havayı başa gəlməməsi qərarına gəlib:
“Dəvət edilən dövlət Sülh Şurasına üzv olmaq üçün 1 milyard dollar ianə ödəməlidir. Toplanan maliyyə vəsaitlərinin Qəzzanın yenidən qurulmasına xərclənəcəyi bildirilib. Bununla yanaşı, Sülh Şurasına üzv olmaq istəyən dövlətlərə maliyyə vəsaitini ödəmək üçün üç illik möhlət veriləcək.
Tramp artıq konkret ünvanlara dəvətlərini göndərməyə başlayıb. Məlum olub ki, üzvlük haqqının kifayət qədər böyük olmasına baxmayaraq, gəlirləri böyük olmayan dövlətlər də Sülh Şurasına üzv olmaq istəyirlər. Məsələn, Macarıstan və Vyetnam Trampın dəvətinə müsbət cavab verib. Dəvətə müsbət cavab verən ölkələr arasında Türkiyə, Qazaxıstan, Avstraliya, İordaniya, Yunanıstan, Pakistan Kanada, Misir, Paraqvay, Argentina və Albaniya kimi dövlətlər də var.
Dəvətə hələ cavab verməyən ölkələr də var. Məsələn, ABŞ Prezidenti Hindistanı da Sülh Şurasına dəvət edib. Dehli hələ cavab verməyib. Görünür, bunun səbəbi Vaşinqtonun Hindistan məhsullarına tətbiq etməyi planlaşdırdığı yüksək gömrük rüsumlarıdır. İki ölkə arasında ticarət sazişi imzalanmayıb. Bu məsələ müsbət həll olunsa, Hindistanın da Sülh Şurasına üzvlüyü istisna deyil. Tramp bəlli səbəblərdən Rusiya və Çinə dəvət göndərməyib.
ABŞ Prezidenti Sülh Şurasının yaradılması və müxtəlif ölkələrin üzvlüyə dəvət etməsini İsrail Baş naziri Benyamin Netanyahu ilə razılaşdırmayıb və bu, ikincinin narazılığına səbəb olub. Məsələn, Netanyahu Türkiyənin Sülh Şurasına üzv olmasını istəmir. Buna baxmayaraq, Ağ Ev Qəzzanın bərpasında Türkiyənin iştirakının əhəmiyyətini anlayır. Tramp Türkiyəni kənarda saxlasaydı, bu, iki ölkə arasında münasibətlərə mənfi təsir edəcəkdi. Türkiyənin Sülh Şurasında yer alması Təl-Əviv üçün Ankara ilə münasibətləri normallaşdırmaq zərurəti yaradır”.
Azərbaycanın Sülh Şurasına üzv olması mümkündürmü?
Elxan Şahinoğlu qeyd edib ki, bununla bağlı ABŞ Prezidentinin Bakıya məktub göndərdiyi barədə məlumat yoxdur:
“Halbuki Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevi ötən ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət etmişdi. Vaşinqton Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirakını da istəyirdi. İlham Əliyev yanvarın 5-də yerli telekanallara müsahibəsində Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirak etməyəcəyini bildirdi. Buna baxmayaraq, Azərbaycanın gələcəkdə Sülh Şurasında iştirakı mümkündür. Rəsmi Bakının qərarına Tramp administrasiyasının Sülh Şurasının mandatını digər münaqişələr çərçivəsində də genişləndirmək və onu BMT-yə alternativə çevirmək ideyasını reallaşdırması təsir edə bilər”.