BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağındakı vəziyyəti həll etmək üçün ABŞ tərəfindən yaradılan "Sülh Şurası"na qoşulmaq üçün dəvət almayıb.
Teleqraf xəbər verir ki, bu barədə baş katibin sözçüsünün müavini Fərhan Haq bildirib.
Haqın sözlərinə görə, BMT Quterreşin yeni formatda iştirakı ilə bağlı heç bir bildiriş və ya sorğu almayıb. O, baş katibin Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcəyini də açıqlayıb. Səfərin ləğv edilmə səbəbi Quterreşin səhhəti ilə bağlıdır.
Daha əvvəl media ABŞ prezidenti Donald Trampın Davosda "Sülh Şurası" yaratmaq üçün imzalanma mərasimi keçirmək niyyətində olduğunu və bir neçə dövlət başçısını iştiraka dəvət etdiyini bildirib. Bu təşəbbüs ABŞ-nin Qəzza münaqişəsinin həlli planının bir hissəsi kimi qəbul edilir. Plan regionda müvəqqəti beynəlxalq administrasiyanın yaradılmasını nəzərdə tutur.