Epşteyn qalmaqalı yenidən dünya mediasının əsas gündəminə çevrildiyi bir vaxtda, Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Frenç Qeytsin açıqlamaları mövzunu daha da kəskinləşdirib.
Musavat.com xəbər verir ki, Melinda bildirib ki, Epşteyn işi çərçivəsində Bill Qeytsin adının hallandırılması onu evliliyində yaşadığı “çətin və ağrılı bir dövrə” geri qaytarıb. Melinda Frenç Qeyts deyib ki, sənədlərdə adı çəkilən hər kəs, o cümlədən keçmiş əri məsuliyyət daşımalı və ictimaiyyət qarşısında cavab verməlidir.
Onun sözlərinə görə, bu məlumatların yenidən gündəmə gəlməsi şəxsi baxımdan olduqca ağırdır: “Mənim üçün bu, çox çətindir. Çünki məni evliliyimin ən ağrılı dövrlərinə qaytarır. Amma cavab verməli olan mən deyiləm, həmin insanlardır”.
Melinda çıxışında Epşteynin adı ilə bağlı olan bütün iddialardan dərin narahatlıq keçirdiyini vurğulayaraq, “bütün o zibildən uzaq olduğum üçün çox şadam” ifadəsini işlədib.
Xatırladaq ki, Melinda və Bill Qeyts 27 illik evlilikdən sonra 2021-ci ildə ayrılıblar. ABŞ mediasının yazdığına görə, ayrılıqdan əvvəl Melinda Frenç Qeyts ərinin Epşteynlə münasibətlərindən ciddi şəkildə narahat olub. Ayrılıq elan edildikdən sonra isə Bill Qeyts 2019-cu ildə Microsoft əməkdaşı ilə romantik münasibətdə olduğunu etiraf etmişdi. ABŞ Ədliyyə Nazirliyi tərəfindən ötən həftə açıqlanan üç milyondan artıq sənəddə Epşteynin geniş əlaqəsi olan məşhurlar, iri korporasiya rəhbərləri və siyasi fiqurlarla münasibətləri ifşa olunur. Həmin sənədlərdə Epşteynin Bill Qeytslə bağlı bir sıra iddialar irəli sürdüyü, o cümlədən onun cinsi yolla keçən xəstəliklərə yoluxduğunu iddia etdiyi bildiirilir. Bill Qeyts isə bu iddiaları “tamamilə əsassız yalan” adlandırıb.
Sənədlər arasında Epşteyn tərəfindən yazıldığı ehtimal edilən elektron məktublar da yer alır. 18 iyul 2013-cü il tarixli iki e-poçtun Epşteynin ünvanından göndərildiyi görünür, lakin onların birbaşa Bill Qeytsə çatıb-çatmadığı məlum deyil. Həmin məktublardan birində, Bill və Melinda Qeyts fonduna ünvanlanmış istefa məktubu formasında, Billin “rus qızları ilə cinsi əlaqələrinin təsirlərini aradan qaldırmaq üçün” dərman istədiyi iddia olunur. “Əziz Bill” sözləri ilə başlayan başqa bir məktubda isə Qeytsin münasibətləri bitirdiyi, həmçinin cinsi yolla keçən xəstəlikləri həyat yoldaşı Melindadan gizlətməyə çalışdığı irəli sürülür.
Son illər Bill Qeyts və onun nümayəndələri Epşteynlə münasibətlərin miqyasını kiçiltməyə çalışıblar. Qeyts iddia edib ki, onlar yalnız heç vaxt həyata keçirilməyən bir xeyriyyə layihəsi ilə bağlı “bir neçə şam yeməyində” görüşüblər. Son açıqlamalardan sonra isə onun sözçüsü bildirib ki, sənədlər Epşteynin Qeytsə qarşı qəzəbini və onu tələyə salmaq, nüfuzdan salmaq üçün istifadə etdiyi taktikanı əks etdirir. Qeyd edək ki, Cefri Epşteyn 2019-cu ildə Nyu-York həbsxanasında mübahisəli şəraitdə ölüb. O, azyaşlı qız və qadınların cinsi istismarında ittiham olunurdu. Epşteyn 2008-ci ildə 14 yaşlı qızla cinsi əlaqəyə girməkdə təqsirli bilinməsinə baxmayaraq, nüfuzlu şəxslərlə əlaqələrini uzun illər davam etdirə bilmişdi.