Onun siyasi səhnədən kənarlaşdırılması Rusiya üçün də gözlənilməz və təhlükəli nəticələr yarada bilər
Bunu siyasi şərhçi Heydər Oğuz yazıb. O bildirib ki, Kadırov Moskvada və ya Rusiyanın başqa bölgələrində müalicə almaqdan imtina edib:
“Kadırovun fikrincə, Kreml onu vaxtından əvvəl qaranlıq dünyaya göndərmək niyyətindədir və bu məqsədlə də əvvəllər müalicə olunduğu Moskvada tibb işçiləri tərəfindən zəhərlənib. Kadırovun dərdi bununla da bitmir. İddia olunur ki, Kadırov özündən sonra övladlarından birinin siyasi varis seçilməsinə Kremldən razılıq ala bilməyib. Buna görə də övladlarını və varidatını Səudiyyə Ərəbistanına daşımağa qərar verib.
Onu da deyim ki, 45 yaşlı Kadırov biri Əhməd, digəri Adəm adlı iki oğlu var. Böyük oğlu Əhməd 20, Adəm isə 18 yaşındadır. Şərq mentalitetinə görə, varislik böyük oğulun haqqı olsa da, Kadırov 18 yaşlı kiçik oğluna daha çox üstünlük verir”.
Qeyd edək ki, belə xəbərlər Ramzan Kadırov haqqında tez-tez yayılır və onun siyasi durumu ilə bağlı spekulyasiyalara yol açır. Ekspertlər isə hesab edirlər ki, əgər səhhətində ciddi problem varsa və ya siyasi irs məsələsi aktuallaşırsa, bunun Şimali Qafqazda və regionda daha geniş təsirləri ola bilər.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında bildirib ki, Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlar hələlik qeyri-müəyyən xarakter daşıyır və konkret faktlara əsaslanmır. Onun sözlərinə görə, hazırda səsləndirilən iddialar daha çox ehtimallar üzərində qurulub və rəsmi təsdiqini tapmayıb:
“Şübhəsiz ki, Kadırovun səhhətində müəyyən problemlərin olması ehtimalı istisna edilmir. Lakin bu məsələni məqsədli şəkildə siyasiləşdirən qüvvələrin də mövcudluğu açıq şəkildə görünür. Bu proseslərin arxasında konkret siyasi məqsədlər dayanır. Xüsusilə son dövrlərdə Kadırovun oğlunu ardıcıl olaraq yüksək vəzifələrə təyin etməsi onu göstərir ki, Çeçenistanda varislik modeli üzərində düşünülür və ya bu istiqamətdə hazırlıq gedir. Bu, sadəcə fərziyyə deyil, müəyyən faktlarla da müşayiət olunur”.
Politoloq qeyd edib ki, bütün bu məqamlarla yanaşı, Çeçenistan daxilində və ümumilikdə Ramzan Kadırov ətrafında hansı real proseslərin getdiyini dəqiqliklə demək çətindir:
“Rusiya daxilində baş verən proseslər hazırda kifayət qədər mürəkkəb və risklidir. Bu proseslər təkcə mərkəzi hakimiyyətlə məhdudlaşmır, eyni zamanda regionlara, xüsusilə də Şimali Qafqaza birbaşa təsir göstərir. Kadırov faktoru bu baxımdan son dərəcə mühüm əhəmiyyət daşıyır”.
İ. Vəlizadənin fikrincə, Çeçenistanda siyasi balansın pozulması regionda ciddi təhlükəsizlik risklərinə yol aça bilər:“Əgər regionda mövcud vəziyyət dəyişərsə, müxtəlif qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə başlaya bilər. Bu mübarizə təkcə siyasi müstəvidə qalmaz, qapalı qarşıdurmaların, hətta silahlı münaqişələrin yaranmasına qədər gedib çıxa bilər. Belə bir ssenari Şimali Qafqazda ümumi sabitliyin pozulmasına gətirib çıxarar ki, bu da bütövlükdə region üçün ciddi risklər deməkdir”.
Ekspert vurğulayıb ki, Kadırovun siyasi səhnədən kənarlaşdırılması Rusiya üçün də gözlənilməz və təhlükəli nəticələr yarada bilər:
“Ramzan Kadırovun siyasi proseslərdən uzaqlaşdırılması Şimali Qafqazda qeyri-sabitliyin artmasına səbəb ola bilər. Bu qeyri-sabitlik zəncirvari şəkildə digər respublikalara, xüsusilə Dağıstana da sirayət edə bilər. Nəticə etibarilə bu vəziyyət digər region ölkələrinə də təsirsiz ötüşməz”.
İ. Vəlizadə Azərbaycanın maraqları baxımından da mövzuya diqqət çəkib:
“Azərbaycanın Rusiya ilə ciddi ticarət əlaqələri mövcuddur. Şimal–Cənub Nəqliyyat Dəhlizi məhz Qafqaz regionundan keçir. Çeçenistanda və ümumilikdə Şimali Qafqazda qeyri-sabitlik yaranarsa, bu, iqtisadi və logistik proseslərə də mənfi təsir göstərə bilər. Hazırkı mərhələdə tələskən nəticələr çıxarmaq doğru deyil.
Əgər Ramzan Kadırovun həqiqətən də ağır vəziyyətdə olduğu və ya komaya düşdüyü təsdiqlənərsə, yaxın günlərdə bununla bağlı rəsmi və daha dəqiq məlumatlar ortaya çıxacaq. İndiki halda isə ən doğru yanaşma prosesləri diqqətlə izləmək və faktlara əsaslanmaqdır”.