Çin narazıdır, Trampın səfəri təhlükədə...

ABŞ Prezidenti Donald Trampın Çinə apreldə nəzərdə tutulan səfəri Tayvana 20 milyard dollarlıq yeni silah satışı ilə bağlı qeyri-müəyyənliklə üzləşə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ABŞ-ın Tayvana yeni silah satışı Çin tərəfinin narazılığına səbəb olub və Prezident Donald Trampın aprel ayında Çinə planlaşdırılan səfəri təhlükə altında qala bilər.

Agentlik bildirib ki, silah satışı ötən ilin dekabrında elan edilən 11 milyard dollarlıq müqaviləyə əlavə olacaq. Silahlara “Patriot” və NASAMS raketləri, dron və artilleriya sistemləri daxil olacaq. Bu, Tayvan üçün indiyə qədər ən böyük satınalmalardan biri olacaq.

Hələlik ABŞ Müdafiə Nazirliyi, Dövlət Departamenti və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib.

Qeyd edək ki, fevralın 4-də Çin Sədri Si Szinpinin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı olub. Çinlə ticarət, nadir torpaq elementləri, Tayvan və digər məsələlərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışan Donald Tramp aprel ayında Çinə səfər edəcəyini bildirib.