Daily Mail: Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazırlaşır

Böyük Britaniyanın ən böyük piyadalar batalyonunun əsgərləri, Ukrayna konflikt zonasını təqlid edən yeganə Britaniya hərbi poliqonunda Rusiyayla potensial müharibəyə hazırlaşır.

Sherg.az xəbər verir ki, Viltshire qraflığında Copehill Dovn poliqonu, 1987-ci ildə Almaniyanın Bavariya bölgəsindəki bir kəndi təqlid etmək üçün inşa olunub. Daha sonra obyekt genişləndirilib: yeni dar küçələr, tunellər, hasarlanmış baraklar və piyada yolları əlavə edilib.

Əsgərlər burada 6 ay ərzində “sərt” təlimlər keçirlər, fiziki və psixoloji dözümlülükləri yoxlanılır və onlara yuxusuz və təzyiq altında “idarə olunan aqressiya” öyrədilir. Poliqonun obyektləri dağıdılmış şəhəri xatırladır ki, bu da Ukraynadakı döyüş şəraitini daha real göstərir.

5-ci Piyadalar Batalyonunun “D” rotasının komandiri kapitan Mayk Lindgren bildirib ki, Rusiyayla müharibə halında döyüşlər “belə mühitdə” aparıla bilər. Şəhər şəraiti ən ciddi təhlükədir: düşmən əsgərin qarşıda olmaması, üstünüzdə, solda və ya kanalizasiya sistemlərində yerləşə bilməsi mümkündür.

Lindgren qeyd edib ki, Britaniyada əsgərləri “mübarizə iradəsini göstərmək və düşmənləri çox yaxın məsafədən məhv etmək” üçün hazırlayırlar. Bu təlimlər “qılınc yolu” adlanır.

Daily Mail xatırladır ki, Britaniya və Fransa əsgərləri, atəşkəs razılaşması əldə edilərsə, Ukraynadakı “hərbi mərkəzlərdə” yerləşdiriləcək, ukraynalı hərbçiləri təlimatlandıracaq və silah anbarlarını qoruyacaqlar.