Dünyanın ən uzun ilanı bu ölkədə tapıldı

İndoneziyada aşkar edilən dişi torlu piton rəsmi ölçmələrdən sonra dünyanın ən uzun ilanı kimi tanınıb.

Musavat.com xəbər verir ki, nəhəng pitonun uzunluğu 7,22 metr təşkil edir və rahat vəziyyətdə təxminən 8 metrə qədər uzana bilir. Onun çəkisi isə 96,5 kiloqramdır ki, bu da yetkin panda çəkisinə yaxındır.

Məlumata görə, rekordçu ilan Sulavesi adasında 2025-ci ilin sonunda tapılıb və ölçmələr təsdiqləndikdən sonra Guinness World Records tərəfindən rəsmi olaraq qeydiyyata alınıb. Pitona “Yebu Baron” adı verilib (tərcümədə Baronessa). Hazırda ilan yerli təbiət və heyvanları mühafizə edən mütəxəssisin himayəsində saxlanılır.

Qeyd edək ki, əvvəlki rekord 6,95 metr uzunluğa malik başqa bir dişi torlu pitona məxsus idi. Həmin ilan 1999-cu ildə izləmə cihazı taxıldıqdan sonra təbiətə buraxılan Malay ayısını udduqdan sonra aşkarlanmışdı.