Əbu-Dabidə danışıqların növbəti mərhələsi fevralın 1-nə planlaşdırılıb

ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların növbəti mərhələsinin fevralın 1-də Əbu-Dabidə başlaması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan amerikalı məmura istinadla məlumat yayıb.

“Axios” jurnalisti Barak Ravid də eyni məlumatı paylaşıb. O, X sosial şəbəkəsində yazıb: “ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar gələn bazar günü (səkkiz gündən sonra) Əbu-Dabidə davam edəcək”.

Jurnalist, həmçinin ABŞ administrasiyasının rəsmisinin qiymətləndirməsinə istinad edib. Həmin rəsmi hesab edir ki, Moskva və Kiyevin üçtərəfli danışıqlar aparmaq barədə razılığa gəlməsi “irəliləyişin əldə olunduğunu nümayiş etdirir”.

Qeyd edək ki, yanvarın 23–24-də Əbu-Dabidə keçirilən əvvəlki görüşlərdə tərəflər təhlükəsizlik mexanizmləri üzrə ilkin müzakirələr aparıblar.