İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlunun işi üzrə sənədlər üzərindən aparılan həbs qətimkan tədbirinə baxış zamanı onun həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, korrupsiya işi üzrə həbsdə olan digər təqsirləndirilən şəxslər barəsində də həbs qətimkan tədbiri uzadılıb.
Qeyd edək ki, ötən ilin iyulun 16-da Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Əkrəm İmamoğluna “terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq”dan bəraət versə də, “vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək” maddəsi ilə 1 il 5 ay 15 gün, “hədə-qorxu” maddəsi ilə isə 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.