Ən çox zərər çəkən məzlum əfqanlar olacaq
Üzeyir Cəfərov: “Nüvə dövlətinə qarşı təxribat Talibanın ən böyük səhvidir”
Oktyabrın 14-də Taliban qüvvələri və Fitnə əl-Xəvaric qruplaşmasının yaraqlıları Pakistanın sərhəd postlarına səbəbsiz atəş açıblar. Pakistan ordusunun cavab tədbirləri nəticəsində bir nəzarət-buraxılış məntəqəsi və tank atəşi mövqeyi məhv edilib. Toqquşmalar zamanı yüksək rütbəli Fitnə əl-Xəvaric komandirinin də öldürüldüyü bildirilir. Pakistanın daxili işlər naziri Mohsin Naqvi Əfqanıstan hücumlarını "təxribatsız" adlandırıb və onları mülki şəxsləri hədəf almaqda ittiham edib. Taliblər bildiriblər ki, Spin-Boldak rayonunda Pakistan qüvvələrinin hücumları nəticəsində ondan çox mülki şəxs ölüb və 100-ə yaxın insan yaralanıb. Pakistan tərəfi bəyan edib ki, sərhəddə yerləşən Çaman rayonunda Taliban qüvvələrinin hücumları nəticəsində 4 mülki vətəndaş yaralanıb, 6 pakistanlı hərbçi və 9 talib həlak olub. Ciddi toqquşmadan sonra Pakistan hökuməti Talibanla hərbi əməliyyatları 48 saatlıq dayandırmaq barədə razılığa gəlib. Ötən ay Pakistanla qarşılıqlı müdafiə paktı imzalayan Səudiyyə Ərəbistanı təmkinli olmağa və İslamabad və Kabil arasında gərginliyin qarşısını almağa çağırıb. Qətər də bəyanat yayaraq, Pakistan-Əfqanıstan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib və hər iki tərəfi "dialoq, diplomatiya və təmkinliliyə üstünlük verməyə" çağırıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Sherg.az-a bildirib ki, Əfqanıstanda Taliban hərəkatı hakimiyyətə gələndən sonra xeyli ciddi səhvlərə yol verib. Ekspertin sözlərinə görə, Pakistanla hərbi toqquşma faktı da bunu sübut edir:
"Talibanın Pakistan qüvvələrinə qarşı başlatdığı bu avantüra, təxribat Əfqanıstan üçün böyük faciələrlə nəticələnəcək. Artıq Pakistan Silahlı Qüvvələri Əfqanıstanın paytaxtı Kabili raketlərlə hədəfə alır. Əfqanıstanda hakimiyyətdə olanlar çox gözəl bilirlər ki, Pakistan nüvə dövlətidir və hərbi imkanları Talibanla müqayisə olunmayacaq səviyyədədir. Görünür, kənar təsirlər vasitəsilə Taliban Pakistana qarşı təxribatçı addımlar atıb. Burada ABŞ-nin də marağı ola bilər. Tramp hər yerdə "8 müharibəni dayandırması ilə öyünür". Deyəsən, 9-cu müharibə Pakistan-Əfqanıstan arasında olacaq. Bu müharibədə itirən tərəf yazıq, məzlum əfqanlar olacaq. Həm hərbçilər, həm də mülkilər arasında xeyli sayda ölənlər, yaralananlar var".
Ü.Cəfərov qeyd edib ki, ən dəhşətlisi odur ki, qarşıdurma iki keçmiş müttəfiq arasında yaşanır:
"Pakistanla Əfqanıstan bir vaxtlar müttəfiq idilər. Nədənsə, Əfqanıstan hökuməti Pakistanın təxribatlardan əl çəkməsi ilə bağlı xəbərdarlıqlarına məhəl qoymadı. Sanki Taliban qruplarına şərait yaradılırdı ki, Pakistan mövqelərini hədəf alsınlar. Pakistan tərəfində mülki insanlar yaralandıqdan sonra İslamabad sərt addım atmaq məcburiyyətində qaldı. Yəqin ki, ABŞ-nin müdaxiləsi gecikməyəcək. Əfqanıstan yaxşı dərk edir ki, Pakistan kimi nüvə ölkəsi ilə savaş onlara heç bir perspektiv vəd etmir. Taliban rəsmi görüşlərdə düzgün oturub-durmağı belə bacarmır, ancaq Pakistan diş göstərir".