Ərdoğan: İrana qarşı hərbi müdaxilə bölgəni qeyri-müəyyənliyə sürükləyər

İranı hədəf alan yeni bir müharibə heç kimə qazanc gətirməz, əksinə, bölgə uduzar.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Türkiyə divar hörən, qarşıdurmanı alovlandıran deyil, körpü quran və sülh üçün zəmin yaradan ölkə mövqeyindədir”, - o vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə İran ilə ABŞ arasında mövcud problemlərin dialoq yolu ilə həllini istəyir və hər iki ölkə ilə ən yüksək səviyyədə təmaslar davam edir:

“Bu çərçivədə son olaraq İran Prezidenti ilə görüşdüm. Elə ertəsi gün ABŞ Prezidenti Donald Tramp ilə danışıq apardım. Bu danışıqlarda hansı yolun izlənə biləcəyini müzakirə etdik. Biz divar hörən deyil, körpü quran, sülh üçün zəmin yaradan ölkə mövqeyindəyik,” – o vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, Ankara İrana qarşı hərbi müdaxiləyə qarşı olduğunu bütün tərəflərə çatdırıb.

Onun sözlərinə görə, belə bir hərbi gərginlik və artan təzyiq bölgəni daha böyük qeyri-müəyyənliyə sürükləyə bilər.