Əsəd rejiminin əsas fiqurları müxtəlif ölkələrdə GİZLİ YAŞAYIRLAR

Ölkəni yük təyyarələri ilə tərk edən və Rusiyada hərbi yataqxanalara yerləşdirilən bəzi rəsmi şəxslər isə daha ağır şəraitdə yaşayırlar

Suriyada ötən il devrilmiş Bəşər Əsəd rejiminin bəzi əsas fiqurları müxtəlif ölkələrdə gizlənərək həyatlarını davam etdirirlər.

Sherg.az xəbər verir ki, "New York Times" qəzeti Əsədin rəhbərlik etdiyi rejiminin süqutundan sonra yoxa çıxan keçmiş rejim rəhbər şəxslərinin taleyini araşdıran reportaj dərc edib.

Xəbərə görə, devrilmiş Əsədə ən yaxın təhlükəsizlik müşavirlərindən biri olan Əli Məmluk Rusiyanın hesabına tutulmuş Moskvadakı bir mənzildə yaşayır və ziyarətçilərin çoxunu qəbul etmir.

Rejimin narkotik imperiyasında əsas fiqurlardan sayılan Qassan Bilal Moskvadadır və ailəsinin İspaniyadan Dubaya qədər uzanan “rahat həyatını” maliyyələşdirməyə davam edir.

Ölkəni yük təyyarələri ilə tərk edən və Rusiyada hərbi yataqxanalara yerləşdirilən bəzi rəsmi şəxslər isə daha ağır şəraitdə yaşayırlar. Sistematik işgəncə və edamlarla ittiham olunan Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin direktoru Cəmil Həsanın da bu şəxslər arasında olduğu iddia edilir.

Keçmiş rejim üzvlərindən biri və Suriyada silahsız nümayişçilərə atəş açılması əmrini verdiyi irəli sürülən Cəmal Yunusun da Moskvada görüldüyü bildirilir.

Rejimin sabiq müdafiə naziri Əli Abbas və sabiq baş qərargah rəisi Əbdülkərim İbrahim Moskvadakı dəbdəbəli ticarət mərkəzində gəzərkən görüntülənib.

Əsəd rejiminin mülki şəxslərə qarşı kütləvi qırğınlar törətməkdə ittiham olunan sabiq general-mayor Avs Aslan əvvəlcə Moskvanın şərqində yerləşən Kazan şəhərinə göndərilib. Lakin aylar sonra onun yenidən Moskvadakı bir mənzildə ortaya çıxdığı bildirilib.

Rusiya rəsmiləri ölkədə yaşayan Əsəd rejiminin əsas fiqurları ilə bağlı suallara cavab verməyiblər.

Devrilmiş rejimin bəzi əsas şəxsləri Birləşmiş Ərəb Əmirliklərinə və Livana gediblər. Bəziləri isə Suriyanı tərk etməyib və gizlənərək həyatlarını davam etdirirlər.

Onlardan biri - sabiq daxili işlər naziri və Hərbi Hava Qüvvələri Kəşfiyyatının rəhbəri olmuş 68 yaşlı Məhəmməd əl-Rahmunun Körfəz ölkələrində yaşadığı iddia olunur.

Suriyalılar arasında sistematik işgəncə və zorla yoxa çıxma halları ilə tanınan “Fələstin Şöbəsi”nin bir dövr rəhbəri olmuş və rejim devrilməzdən əvvəl təqaüdə çıxmış sabiq general Yasin Dahi isə Dubayda sağlamlıq və maliyyə problemləri ilə mübarizə aparır.

Həyatını Suriyanın paytaxtında davam etdirən, Baas rejiminin kimyəvi silah proqramını inkişaf etdirən mərkəzin sabiq direktoru Emr əl-Armanazi isə keçmişi ilə bağlı danışmaqdan imtina edərək “vicdanının rahat olduğunu” bildirib.

Suriya İnformasiya Nazirliyi rejimin əsas fiqurlarına toxunulmazlıq verilmədiyini qeyd etsə də, yüksək vəzifəli şəxslərin vəziyyəti və cinayət istintaqları ilə bağlı ətraflı suallara cavab verməyib.