Fransa keçmiş dövlət məmurları üçün ömürlük müavinətləri ləğv edir

Fransada keçmiş baş nazirlər və daxili işlər nazirləri üçün xidməti avtomobildən istifadə, sürücü xidmətləri və daimi polis mühafizəsi kimi ömürlük dövlət müavinətləri 1 yanvar tarixində ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə RFI məlumat yayıb.

Qeyd olunur ki, keçmiş zabitlərdən 24 polis əməkdaşı və eyni sayda sürücü geri çağırılıb.

Ötən ilin sentyabr ayında Fransanın Baş naziri Sebastyan Lekornu dövlət məmurları üçün avtomatik müavinətlərin müddətli müqavilələrlə əvəz olunacağını elan etmişdi. Hazırkı baş nazir bunu siyasi etimad məsələsi adlandırmışdı. O, siyasətçilərin artıq reallığa uyğun olmayan imtiyazları qoruyarkən cəmiyyətdən qurbanlar tələb edə bilməyəcəyini iddia etmişdi.

Lekornu sosial mediada yazıb ki, “respublikanın təhdid altında olan şəxsləri qoruması normal olsa da, digər tərəfdən, müvəqqəti statuslarına görə ömürlük müavinətlərdən istifadə etmələri qəbuledilməzdir”.

Yeni qaydalara əsasən, keçmiş baş nazirlər 10 il müddətində sürücüsü olan dövlət avtomobilinə sahib olacaqlar, polis mühafizəsi isə 3 il müddətində təmin ediləcək.

Keçmiş daxili işlər nazirləri 2 il müddətində təhlükəsizlik təminatına malik olacaqlar və bundan sonra yalnız konkret təhlükə yarandıqda təmin ediləcək.

Daxili İşlər Nazirliyi öz növbəsində islahatın müdafiədən tamamilə imtina etməkdən ibarət olmadığını, əksinə, "dövlət resurslarının ardıcıllığını, mütənasibliyini və effektiv idarə olunmasını" təmin etmək üçün onu real riskə uyğun olaraq azaltmaqdan ibarət olduğunu vurğulayıb.

Keçmiş baş nazirlər Jan-Mark Ayrault, Fransua Fiyon və Jan-Pyer Raffarin dəyişikliklər barədə Lekornunun ofisindən məktubla məlumatlandırılıblar.