Fransa Yaxın Şərqdə vətəndaşlarını qorumağa hazırdır

Fransa Yaxın Şərqdə tərəfdaşlarını və öz vətəndaşlarını müdafiə etmək üçün zəruri addımlar atmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin BMT-dəki daimi nümayəndəsi Jerom Bonnafon bildirib.

Diplomat məsələni BMT Təhlükəsizlik Şurasının İrandakı vəziyyətə həsr olunmuş iclasında səsləndirib. O, Fransanın regiondakı tərəfdaşları ilə həmrəy olduğunu vurğulayıb.

“Onların müdafiəsi üçün zəruri olan tədbirləri görməyə hazırıq. Əgər müraciət olunarsa, Yaxın Şərqdə vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atacağıq”, - deyə Bonnafon qeyd edib.

Fransalı diplomat həmçinin iddia edib ki, İran regionun bir neçə ölkəsinə qarşı ayrı-seçkilik olmadan zərbələr endirir.