Fransada evlilik qaydaları dəyişir: intim yaxınlıq yalnız...

Fransada nikah münasibətləri ilə bağlı mühüm hüquqi dəyişiklik gündəmdədir. Deputatlar evlilikdə intim münasibətlərin hüquqi məcburiyyət kimi yozulmasına qarşı çıxaraq, bu məsələnin yalnız qarşılıqlı razılıq əsasında tənzimlənməsini təklif edirlər.

Musavat.com xəbər verir ki, təşəbbüs Milli Assambleyada dəstək qazanarsa, sənədin yay aylarınadək qəbul edilməsi mümkündür.

Qeyd olunur ki, Fransa qanunvericiliyində rəsmi olaraq “nikah borcu” anlayışı mövcud deyil. Bununla belə, qanunlarda yer alan “birgə ailə həyatı sürmək” öhdəliyi uzun illər məhkəmələr tərəfindən ər-arvad arasında intim münasibətə məcburiyyət kimi şərh olunub.

Bu yanaşma xüsusilə 2019-cu ildə Versal Apellyasiya Məhkəməsinin qərarı ilə geniş müzakirələrə səbəb olmuşdu. Həmin qərarda məhkəmə, qadının həyat yoldaşı ilə cinsi münasibətdən imtina etməsini boşanma üçün əsas sayaraq, kişinin mövqeyini haqlı hesab etmişdi.

Yalnız 2025-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarı ləğv edərək, nikahda intim münasibətlərin məcburi hüquqi öhdəlik sayıla bilməyəcəyini təsdiqlədi.

Hazırda parlamentdə müzakirə edilən yeni təşəbbüs isə Fransa ailə hüququnda illərdir mövcud olan bu məhkəmə yanaşmasına tam şəkildə son qoymağı hədəfləyir.