Fransa hökuməti 2026-cı il büdcəsi ilə bağlı Milli Assambleyada aparılan müzakirələri yanvarın 20-dək təxirə salıb. Hakimiyyət hesab edir ki, indiki siyasi şəraitdə büdcə layihəsinin səsvermə yolu ilə qəbul edilməsi mümkün deyil.
AZƏRTAC xəbər verir ki, hökumət bazar ertəsi üçün planlaşdırılan debatları ləğv etdiyini açıqlayıb. Baş nazirə yaxın mənbələr bildirir ki, məqsəd bu müddətdə etimadsızlıq səsverməsinin qarşısını ala biləcək siyasi şərtləri formalaşdırmaqdır. Əks halda, hökumət ya büdcəni səsvermədən kənar qəbul etdirmək üçün 49.3-cü maddəni işə salacaq, ya da büdcə sərəncamı yoluna əl atacaq.
Müxalifət isə bu mövqeyi sərt tənqid edib. Maliyyə komissiyasının müxalif LFI-dən olan sədri Erik Kokerel bildirib ki, hökumət məsuliyyəti Milli Assambleyanın üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışır.
Hökumət başçısına yaxın mənbələr iddia edir ki, hansı mexanizmin seçilməsindən asılı olmayaraq, büdcə fevralın ortasından tez qəbul olunmayacaq. Halbuki Prezident Emmanuel Makron yanvarın sonuna qədər büdcənin qəbul ediləcəyinə ümid edirdi və ordulara ünvanladığı yeni il müraciətində Fransanın yenidən silahlanmasını sürətləndirmək üçün maliyyə qanununun qəbulunun vacibliyini vurğulamışdı.