FSB: Rusiyada Ukrayna xüsusi xidmətlərinin 4 agenti saxlanılıb, 2-si öldürülüb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmətləri ilə əlaqəli agent qrupunun 4 üzvünün saxlanıldığını, silahlı müqavimət göstərən daha 2 şəxsin isə öldürüldüyünü açıqlayıb.

Sherg.az xəbər verir ki, FSB-nin məlumatına görə, əməliyyat 2026-cı ilin əvvəlindən Rusiyada Ukrayna xüsusi xidmətlərinin terror fəaliyyətinə qarşı aparılıb. Maykop, Tixoretsk, Kizlyar və Rostov-na-Donu şəhərlərində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin Rusiyada genişmiqyaslı terror aktları hazırladığı bildirilir.

Qurumun məlumatına görə, əməliyyat zamanı partlayıcı maddələr, 40-dan çox FPV-dron, pilotsuz qayıqlara çevrilməsi planlaşdırılan 6 hidrosikl və xüsusi avadanlıqlar aşkarlanıb.

FSB iddia edir ki, agentlər pilotsuz qayıqlardan Xəzər dənizində Rusiya hərbi və mülki gəmilərinə, FPV-dronlardan isə Adıgey və Krasnodar diyarındakı hərbi aerodromlara və mühüm obyektlərə hücum etmək niyyətində olublar.

Qeyd olunur ki, əməliyyat zamanı təhlükəsizlik əməkdaşları və mülki şəxslər xəsarət almayıb.