Hakan Fidan: “İran məhv olarsa, regionu da özü ilə aparmaq istəyir”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdə müharibənin genişlənmə ehtimalı ilə bağlı ciddi narahatlığını ifadə edib.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, hazırda Tehranın izlədiyi xətt açıq mesaj verir: əgər İrana qarşı son və həlledici hücum olarsa, bu, regionu da dərin böhrana sürükləyə bilər.

“Başqa sözlə, İran belə demək istəyir: əgər mən məhv olsam, regionu da özümlə aparacağam”, – deyə Fidan vurğulayıb.

O qeyd edib ki, bu strategiya xüsusilə regiondakı digər dövlətləri və onların enerji infrastrukturunu hədəf alır. Nazir bildirib ki, əsas regional ölkələrin enerji obyektləri qlobal iqtisadiyyatın sabitliyi üçün həyati əhəmiyyət daşıyır.

Fidan əlavə edib ki, “ABŞ və İsrailin ən böyük yanlışı İranın dövlət aparatını qiymətləndirməmələri oldu. İran köklü və qədim dövlət ənənələrinə malik dövlətdir”.

Nazir eyni zamanda xəbərdarlıq edib ki, İran tərəfindən hücuma məruz qalan ölkələr zərbələr davam edərsə, səssiz qalmaya bilərlər. Onun fikrincə, bu cür ssenari münaqişənin daha geniş coğrafiyaya yayılması riskini ciddi şəkildə artırır.

Yekunda Fidan Ankaranın müharibənin genişlənməsi ehtimalından dərin narahatlıq keçirdiyini və regionda gərginliyin azaldılması üçün diplomatik səylərin artırılmasını vacib saydığını bildirib.