“Rusiya-Ukrayna müharibəsi artıq sərhədləri aşıb”.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Nazir müharibənin dərin geosiyasi çatlar yaratdığını vurğulayaraq münaqişənin həlli yolunda ABŞ-ın siyasətinin Türkiyənin maraqları ilə üst-üstə düşdüyünü bildirib.
“Cənab Trampın və onun komandasının son bir neçə ay ərzində Ukrayna–Rusiya müharibəsi ilə bağlı atmağa çalışdığı addımlar var ki, biz bunları tamamilə dəstəkləyirik. Biz başlanğıcdan etibarən Ukraynanın ərazi bütövlüyünü və təhlükəsizliyini dəstəkləmişik. Bununla yanaşı, bu münaqişəni dayandırmağın yeganə yolunun dialoq, sülh və atəşkəs olduğunu da bilirdik.
Çünki bu müharibənin qalibi olmayacağını anlayırdıq. Artıq bu, yalnız Ukrayna ilə Rusiya arasında gedən bir müharibə deyil. Münaqişə onların hüdudlarından kənara çıxıb. Dərin geosiyasi çatlar yaratdı, böyük bölünmələrə səbəb oldu. Avropadan başlayan və digər ölkələrə yayılan iqtisadi, enerji və siyasi böhranlara yol açdı. Eyni zamanda taxıl tədarükündə yaranan problemlər səbəbindən qlobal ərzaq böhranına da səbəb oldu” - Hakan Fidan qeyd edib.
Nazir müharibə edən tərəflərin Türkiyədə danışıqlar masasına yenidən cəlb edilməsi üçün səylərin davam etdirildiyini bildirib.