Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılıb

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mart ayının 7-ə kimi uzadılıb: “Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılıb. Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq”.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları müəyyən edilib.

Tələb olunan sənədlər:


1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);


2) Şəxsiyyət vəsiqəsinin surəti;


3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);


4) Sağlamlıq haqqında arayış.