Hindistan neft emalı zavodlarından hər həftə Rusiya və ABŞ-dan neft alışları barədə hesabat vermələrini tələb edir.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” Hindistan hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
Agentliyin mənbələrinə görə, tələb Hindistan Neft Nazirliyinin Neft Planlaşdırma və Təhlil Bölməsindən (PPAC) gəlib.
Bildirilib ki, bu məlumatlar Baş nazir Narendra Modinin ofisi üçün vacibdir:
“Rusiya və ABŞ-dan neft idxalı ilə bağlı vaxtında və dəqiq məlumatlara ehtiyacımız var ki, Vaşinqton məlumat tələb etdikdə, ikinci dərəcəli mənbələrə etibar etmək əvəzinə, təsdiqlənmiş rəqəmlər təqdim edə bilək”.
Mənbənin sözlərinə görə, yaxın aylarda Hindistan Rusiyadan neft idxalını azaldacaq və bu, sutkada 1 milyon barreldən az olacaq.