Türkiyədə Əkrəm İmamoğlu və bir neçə nəfərin casusluq ittihamı ilə mühakimə olunduğu iş üzrə Milli İstihbarat Təşkilatının (MİT) rəqəmsal materiallarla bağlı araşdırmasının nəticələri məhkəməyə təqdim edilib.
Sherg.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, hesabatda təqsirləndirilən Hüseyn Günün telefon kitabçasında Böyük Britaniyanın MI6, GCHQ, ABŞ-ın CIA və İsrailin Mossad kəşfiyyat strukturlarında müxtəlif vəzifələrdə çalışmış şəxslərlə əlaqələrə dair məlumatların yer aldığı bildirilib.
İstanbul 25-ci Ağır Cinayətlər Məhkəməsinin sorğusu əsasında hazırlanmış sənəddə Hüseyn Günün rəqəmsal materialları, elektron poçt yazışmaları, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sistemlərinə aid olduğu iddia edilən məlumatlar və xarici ölkə vətəndaşları ilə əlaqələri araşdırılıb.
Hesabatda Günün telefon kitabçasında MI6-da çalışmış şəxslərin, Böyük Britaniya Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli rəsmilərinin, CIA əməkdaşının, ABŞ-ın Milli Kəşfiyyat Şurasının keçmiş analitikinin, eləcə də Mossadın xarici əlaqələr və əməliyyat əməkdaşlığı üzrə keçmiş rəhbər müavininin nömrələrinin aşkarlandığı qeyd olunub.
İBB üçün seçki hesabatları da tapılıb
Araşdırmada Hüseyn Günün keçmiş CIA əməkdaşı olduğu bildirilən Aaron Barrla birlikdə ABŞ-da sosial media kəşfiyyatı və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkət qurduğu da vurğulanıb.
Rəqəmsal materiallar arasında 2019-cu il Türkiyə yerli seçkiləri, seçki kampaniyasının idarə olunması və sosial media məlumatlarının təhlilinə dair İBB-yə təqdim edilmək üçün hazırlandığı ehtimal olunan hesabat və təqdimatların olduğu bildirilib.
Bundan başqa, Türkiyədə ictimai proseslərə və siyasi seçimlərə təsir göstərmək məqsədi daşıdığı iddia edilən, ABŞ və Britaniya mənşəli kəşfiyyat analitiklərinin də yer aldığı “X81” adlı struktura aid sənədlər aşkarlanıb.
“Peşəkar kəşfiyyat metodologiyasına bələddir”
MİT-in hesabatında Hüseyn Günün fəaliyyətinin adi kommersiya fəaliyyəti çərçivəsindən kənara çıxdığı, onun kəşfiyyat metodologiyalarına bələd olduğu qənaəti ifadə edilib.
Sənəddə onun xarici kəşfiyyat qurumlarında çalışmış şəxslərlə sıx əlaqələr qurduğu, bu əlaqələrdən istifadə etməklə Türkiyənin siyasi və strateji proseslərinə nüfuz etməyə çalışdığı iddia olunub. Həmçinin şifrəli rabitə proqramlarından və kodlaşdırılmış ifadələrdən istifadə etməsi də hesabatda diqqət çəkən məqamlar sırasında göstərilib.
Qeyd edək ki, iş üzrə Əkrəm İmamoğlu, Hüseyn Gün, Necati Özkan və Merdan Yanardağ casusluq ittihamı ilə mühakimə olunurlar. Əkrəm İmamoğlu isə bundan əvvəl korrupsiya və mütəşəkkil cinayət işi çərçivəsində həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb.