İran ABŞ-yə genişmiqyaslı müharibə xəbərdarlığı etdi

“ABŞ İranın təklifinə yekun cavab verməzdən əvvəl Tehranla birbaşa danışıqlar aparmaq istəyib, amma bu müraciət qəbul edilməyib”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Mehdi Məhəmmədi deyib.

“Biz bildirdik ki, İranın bütün şərtləri yerinə yetirilmədən heç bir danışıqlara başlanılmayacaq”, - o qeyd edib.

Məhəmmədi ABŞ-nin İranın təklifinə verdiyi cavabı “aldadıcı” adlandırıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vensə danışıqlar aparmaq səlahiyyəti versə də, güzəştə getmək səlahiyyəti verməyib.

“Amerikalılar məhdudmiqyaslı zərbələr endirmək üçün hər şeyi hazırlayıblar”, - vitse-spiker əlavə edib.

Mehdi Məhəmmədi ABŞ-nin mümkün hücumunun Kalanq dağında yerləşən yeraltı nüvə obyektini hədəfə alacağı təqdirdə genişmiqyaslı müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib. O, ABŞ-nin bundan sonra blokadanı davam etdirməyə, hakimiyyətə ictimai etimadı zəiflətməyə, eləcə də məhdud hərbi və kəşfiyyat əməliyyatları həyata keçirməyə üstünlük verə biləcəyini vurğulayıb. Məhəmmədi Cənubi Pars qaz yatağına hücumu bu cür addımlara nümunə kimi göstərib.