İran mətbuatı Çeharmahal və Bəxtiyari vilayətinə bağlı Lordiqan rayonunda keçirilən etiraz aksiyaları zamanı 2 kişinin həyatını itirdiyini bildirib.
Sherg.az xəbər verir ki, yarı rəsmi Fars xəbər agentliyinin adının açıqlanmasını istəməyən yerli mənbəyə istinadla yaydığı məlumata görə, yerli vaxtla saat 09:00 radələrində 150-dən çox insan qruplar halında Bəsic meydanında, Bələdiyyə meydanında və Lordiqan qubernatorluğunun qarşısında toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirib.
Daha sonra bəzi iştirakçılar dövlət binalarına daş atıb və qubernatorluq binasına doğru hərəkət ediblər. Etirazçılar arasından bir qrup polisə daş atdıqdan sonra hüquq-mühafizə orqanları kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Polisin müdaxiləsindən sonra nümayişçilərdən bəzilərinin polisə atəş açdığı, nəticədə bir neçə polis əməkdaşının yaralandığı bildirilib. Hadisələr zamanı 2 nəfər ölüb. Ölən şəxslərin kimliyi və ölüm səbəbləri barədə məlumat verilməyib.
Bundan əlavə, Loristan vilayətinin Kuhdəşt şəhərində baş verən etirazlar zamanı bir Bəsic üzvünün həyatını itirdiyi, 20 nəfərin saxlanıldığı qeyd olunub.
Qeyd edək ki, dekabrın 28-dən etibarən milli valyutanın dəyərdən düşməsi və iqtisadi problemlər səbəbilə İranda başlayan etirazlar paytaxt Tehranla yanaşı bir sıra şəhərlərə də yayılıb. İran Prezidenti Məsud Pezeşkian hökumətin mövcud iqtisadi çətinliklərə görə məsuliyyət daşıdığını bəyan edib və vəziyyəti sabitləşdirmək üçün addımlar atılacağını bildirib.