“Bu ölkənin övladlarından hansının qanı tökülürsə, bu, mənim üçün övladlarımı itirməyimin dözülməz kədərini yenidən canlandırır. İranın ana və ataları üçün səbir arzulayıram və özümü onların yasına şərik sayıram”.
Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi etirazçılara müraciətində bildirib.
“Hərçənd qaranlıq düşüncəlilər etirazçıların səsinin eşidilməsindən qorxaraq xarici dünya ilə əlaqə yollarını kəsiblər, amma bilin ki, sizin mesajınız bu cür addımlarla susdurulacaq qədər zəif deyil. İnanıram ki, etirazlarınızın qəhrəmanlıq dolu səhnələri gec-tez senzura divarını aşacaq və bu günlərdə etdiklərinizin real miqyası dünya ictimaiyyətini daha da heyrətləndirəcək və heyran qoyacaq.
Etirazçıların qəzəb və coşqunluq dolu hayqırtısını eşidin. Gec olmadan digər qardaş və bacılarınıza qoşulun və taleyinizi qatillərin taleyi ilə bağlamayın. Sabahın azad İranı sizin övladlarınıza da məxsusdur”, - o deyib.
Fərəh Pəhləvi sonda iranlıları ümidlərini qorumağa çağırıb:
“Övladlarım, güclü olun və inanın ki, tezliklə azadlığı birlikdə İranda qeyd edəcək, işıq zülmətə qalib gələcək”.