İran səfiri: "Lazım gələrsə, Avropadakı istənilən ABŞ bazasına zərbə endirəcəyik"

İranın İspaniyadakı səfiri Rza Zəbib bəyan edib ki, Tehran zəruri hesab etdiyi təqdirdə Avropada yerləşən istənilən ABŞ hərbi bazasına zərbə endirə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Diplomat əlavə edib ki, İran cavab vermək iqtidarında olan ölkədir.

Bununla yanaşı, məlumatda bildirilir ki, İspaniyanın daxili işlər naziri potensial təhdidlər fonunda ölkə daxilində nəzarət və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.

Qeyd olunur ki, bu bəyanat İspaniyanın ABŞ-nin İrana qarşı mümkün hücum üçün öz ərazisində birgə istifadə olunan hərbi bazalardan istifadəsinə icazə verməməsindən sonra səsləndirilib. Vaşinqton bu qərardan sonra bir neçə "KC-135" tipli təyyarəni Kadis və Sevilyadakı bazalardan geri çəkməyə məcbur olub.