İranın “Təsnim” və “Mehr” xəbər agentlikləri Qərb mediasının etirazçıların qərbdəki İlam əyalətindəki Məlikşahi və Abdanan şəhərlərini ələ keçirməsi barədə məlumatlarını təkzib edib.
Teleqraf xəbər verir ki, bundan əvvəl “Fox News” telekanalı etirazçıların Milikşahi və Abdananı nəzarətə götürdüklərini bildirib.
“Məlikşahidə bir neçə saat gərginlik yaşandıqdan və silahlı şəxslərlə toqquşma zamanı təhlükəsizlik əməkdaşının ölümündən sonra təhlükəsizlik qüvvələrinin şəhərdə olması sayəsində vəziyyət normallaşıb”, - “Təsnim”in təkzib məlumatında deyilir.
“Mehr” də öz növbəsində yazır ki, Abdanan şəhərində polis nəzarəti altında keçirilən dinc aksiya dünən yerli vaxtla təxminən saat 19:00-a qədər davam edib, bundan sonra iştirakçılar dağılışmağa başlayıblar. Amma 250-300 nəfərlik qrup dağılışaraq şəhərin müxtəlif yerlərində dağıntı və yanğınlar törətməyə başlayıb.
Agentliyin məlumatına görə, polisin müdaxiləsi sayəsində Abdananda asayiş bərpa olunub, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.
Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyutanın devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Hemməti təyin edilib.
İranın bir neçə şəhərində etirazlar polislə toqquşmalara çevrilib, aksiyalar zamanı hakimiyyətə qarşı şüarlar səsləndirilir. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər var.