İranın İsrailə atdığı raket nəticəsində 6 nəfər yaralanıb

İranın İsrailə qarşı həyata keçirdiyi ballistik raket hücumu nəticəsində İsrailin mərkəzi bölgəsində iki fərqli ərazidə altı nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

APA xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Məlumata görə, bazar günü günortadan sonra İsrailə atılan raketin kaset başlıqlı olduğu ehtimal edilir. Bu hücum gün ərzində İsrailə qarşı həyata keçirilən altıncı raket hücumu olub.

Magen David Adom təcili tibbi yardım xidməti bildirib ki, Tel-Əviv şəhərində 40 yaşlarında bir kişi ağır yaralanıb. Petah Tikva şəhərində isə daha beş nəfər xəsarət alıb. Onlardan 25 yaşlı bir şəxsin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yaxşı qiymətləndirilir.

Polis rəsmilərinin sözlərinə görə, İsrailin mərkəzi bölgəsində ondan çox zərbə nöqtəsi qeydə alınıb. Hücumun geniş əraziyə yayılması raketin kaset bombalı döyüş başlığı daşıdığı ehtimalını gücləndirir.

Bildirilib ki, İran davam edən münaqişə çərçivəsində İsrailə qarşı kaset bombalı döyüş başlığı daşıyan bir neçə ballistik raket buraxıb və bu tip raketlər geniş ərazilərə çoxsaylı kiçik bombaların səpələnməsinə səbəb olur.

İsrail Müdafiə Qüvvələri (IDF) isə axtarış-xilasetmə qruplarının hadisə yerlərinə göndərildiyini və zərbələrin baş vermə şəraitinin araşdırıldığını açıqlayıb.