- “ABŞ-nin dünyanın müxtəlif bölgələrindəki bazaları risk altındadır”
Münaqişə başqa forma alarsa, İran yeni silahlardan istifadə edəcək.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi deyib. O, ABŞ-ın 2015-ci ildə imzalanan nüvə sazişindən (JCPOA) çıxmasına toxunaraq bildirib ki, İran özünü müdafiə etmək üçün daim yeni silahlar hazırlayır.
Hüseyn Mohebbi ABŞ xalqına ünvanlanan 25 səhifəlik məktubun təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, JCPOA İranın nüvə silahına sahib olmasının qarşısını almağı nəzərdə tuturdu: “Əgər həqiqətən İran nüvə silahı əldə etməyə çalışırdısa və ABŞ İranın nüvə silahına sahib olmamalı olduğunu iddia edirdisə, ABŞ Prezidenti niyə JCPOA-dan çıxdı?”.
Mohebbi İranın yeni silahlar istehsal etməsindən əlavə, mövcud silahlarını təkmilləşdirdiyini də qeyd edib. SEPAH sözçüsü əlavə edib ki, İran ölkəni və xalqı müdafiə edə biləcək silahların hazırlanması üçün dünyadakı bütün texnologiyalardan istifadə edəcək və bu istiqamətdə irəliləyəcək.
SEPAH-ın İranın münaqişənin yeni mərhələsində yeni silahlardan istifadə edəcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, ehran hipersəs raketlərinin təkmil versiyalarından, yeni nəsil PUA-lardan və elektron mübarizə vasitələrindən istifadə edə bilər. Politoloqun sözlərinə görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başladığı ilk mərhələdə Tehran əsasən Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alırdı:
“İndi isə İranın daha uzaq məsafələrdə yerləşən hədəflərə zərbə endirmək imkanlarının artdığını görürük. Dəniz istiqamətində İranın, xüsusilə Hörmüz boğazı kimi strateji ərazilərdə ABŞ və müttəfiqlərinin logistikasına təsir göstərə biləcək imkanlarını genişləndirməsi mümkündür. Tehranın son açıqlamaları da onu göstərir ki, İranın malik olduğu ballistik raketlərin uçuş məsafəsinin artırılması ona Avropadakı müəyyən hədəfləri də vurmaq imkanı verə bilər. Bu baxımdan Avropada yerləşən ABŞ hərbi bazalarının da zərbələrə məruz qalması ehtimalı müzakirə olunur.Həmçinin İranın hava əməliyyatlarını genişləndirmə ehtimalı da istisna deyil. Bu halda ABŞ-nin uzaq coğrafiyalarda yerləşən hərbi bazaları da potensial təhlükə ilə üzləşə bilər. İranın konkret coğrafi istiqamət göstərmədən təhdidlər səsləndirməsi faktiki olaraq ABŞ-nin dünyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərinin risk altında qala biləcəyini deməyə imkan verir. Çünki ballistik raketlərin hansı məsafədən buraxılacağı və İranın hansı istiqamətləri hədəfə alacağı əvvəlcədən məlum deyil”.