İran və ABŞ arasında aparılan danışıqlar getdikcə daha gərgin mərhələyə qədəm qoyur. Fevralın 6-da Omanda nüvə sənədlərinin mübadiləsi istiqamətində, keçirilən görüşlər gözlənilən nəticəni vermədi. Danışıqlardan sonra ABŞ-ın yenidən Yaxın Şərqə hərbi yüklər daşıması ilə bağlı yayılan məlumatlar bunu bir daha təsdiqləyir. Vaşinqton rəsmi Tehranın qarşısına əsas tələb kimi nüvə proqramının məhdudlaşdırılmasını qoyub. İranın xarici işlər naziri Abbas Əraqçi isə nüvə proqramından geri çəkilmək niyyətində olmadıqlarını bildirib. Mövcud geosiyasi şəraitdə, tərəflər arasındakı anlaşılmazlığın, açıq qarşıdurmaya çevrilmə ehtimalı getdikcə artır.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Yaxın Şərqə hərbi yüklər daşıması, İrana qarşı hərbi təzyiqin gücləndirildiyini göstərir:

“Tərəflər arasında Omanda keçirilən danışıqların müsbət nəticə verəcəyini gözləmək çətindir. Çünki həm ABŞ, həm də İran prinsipal mövqelərindən geri çəkilmir. Vaşinqton Tehranın qarşısına üç əsas şərt qoyub. Bunlara, uranın zənginləşdirilməsinin tam dayandırılması, proksi qüvvələrə verilən dəstəyin kəsilməsi və ballistik raket proqramının məhdudlaşdırılması aiddir. Rəsmi Tehran ABŞ-ın tələblərinə baxmayaraq, heç bir güzəştə getməyəcəyini açıq şəkildə bəyan edir. Mövcud şəraitdə ABŞ-İran arasında hərbi qarşıdurma ehtimalı istisna olunmur ”.
Politoloqun sözlərinə görə, proseslərdə, Çin faktoru da mühüm rol oynayır:
“Çin, İranın mövqeyindən geri çəkilməməsini dəstəkləyir. Bu da gərginliyin daha da dərinləşməsinə təsir göstərir. Əgər tərəflər arasında danışıqlar İstanbulda keçirilsə və İranın Ali rəhbəri proseslərdən kənarda qalaraq, əsas fiqur kimi Prezident Məsud Pezeşkian ön plana çıxsaydı, irəliləyiş əldə olunardı. Ərəb ölkələri ilə Türkiyə isə tərəflər arasında diplomatik təmasları intensivləşdirərək, müharibəyə aparan yolu razılaşma müstəvisinə keçirməyə çalışır. Tərəflər arasındakı danışıqlar müharibəni yalnız müəyyən müddətə ertələyə bilər”.
Aybəniz Səfərova